"Çuda Peçka mağazalar şəbəkəsi fəaliyyətini tamamilə dayandırıb.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki,martın 1-də "Çudo Peçkanın "Nəriman Nərimanov metrostansiyasının yaxınlığında yerləşən mağazası da qapadılıb. Mağazada fəaliyyət göstərən işçilərə isə maaşları verilməyib.
Son günlər "Çudo Peçkanın rəhbəri Anar Cəlilov şirkətin metronun "Nəriman Nərimanov stansiyasının yaxınlığında yerləşən mağazasında otururmuş. İcarə haqqını verə bilmədikləri üçün şirkətin əsas ofisi də bir neçə gün öncə bağlanıb.
Məlumata görə, Anar Cəlilov son günlər maddi sıxıntılar içərisindədir. Bildirilir ki, o, hətta şəxsi ehtiyaclarını ödəməyə belə, pul tapmırmış. Anar Cəlilovun bütün mülklərinin girovda olduğu bildirilir. Aylardır ki, maaş ala bilməyən işçilər məhkəməyə müraciət etsələr də, heç bir nəticə yoxdur. Bildirilir ki, "Çudo Peçkada çalışan əməkdaşların hər birinə Anar Cəlilovun borcu var. İşçilər maaşını tələb etdikdə isə, o, pulunun olmadığını söyləyir.
Əldə etdiyimiz məlumata görə, "Çudo Peçkanın bağlanan mağazasının yerində yenidən şirniyyat yeri fəaliyyət göstərəcək. Lakin həmin obyektləri Türkiyə vətəndaşları işlədəcəklər.
Onu da qeyd edək ki, ötən il "Çudo Peçka mağazalar şəbəkəsi məhkəmə qərarı ilə sabiq iqtisadi inkişaf naziri Heydər Babayevdən alınaraq, şirkətin qurucusu, iş adamı Çingiz Cəlilova qaytarılmışdı (Çingiz Cəlilov, şirkətin rəhbəri Anar Cəlilovun atasıdır).
Belə ki, "Çudo peçka mağazalar şəbəkəsi 2000-ci ildə Çingiz Cəlilov tərəfindən yaradılıb. Ç.Cəlilov şəbəkəni qurmaq üçün "Bank Standartdan götürdüyü 2.5 milyon dollar krediti qaytara bilmədiyinə görə kafe-mağazalarda tez-tez yoxlamalar aparılıb, cərimələr tətbiq edilib.
Yekun olaraq Ç.Cəlilov kredit borcunu qaytara bilməyib və MMC-yə daxil olan şəbəkələr "Bank Standartın girovluğunda qalıb. Bankın səhmlərinin böyük bir hissəsinin isə sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin olduğu bildirilir. Nəticə olaraq, "Çudo peçka da son illərdə Heydər Babayevin biznes şəbəkəsinə aid edilirdi.
Mağazalar şəbəkəsi sahibinə qaytarıldıqdan sonra da problemlər düzəlmədi və xeyli sayda işçilər ixtisar olunub, bir neçə mağaza bağlanıldı. Bu ilin fevral ayında isə şəbəkənin "Əhmədli, "Neftçilər və "28 May metrostansiyalarının yaxınlığında yerləşən mağazaları fəaliyyətini dayandırmışdı.