Zahid Tağıyev:"İlk növbədə qanunverici baza daha da zənginləşdirilməli, daha sonra Azərbaycan modelinə yaxın ölkələrin praktikası öyrənilməli , beynəlxalq təşkilatlarla sıx iş birliyi qurulmalı və bunun tamamı olaraq real addımlar atılmalıdır
Bu gün işsizliyin aradan qaldırılması əhalinin sosial durumunun yaxşılaşdırılması ilə tamamlanır. Buna görə hazırda ölkədə bir çox layihələrə start verilib, paralel olaraq həm də dünya təcrübəsi öyrənilir, beynəlxalq qurumlarla sıx iş birliyi qurulur. "Unikala açıqlama verən sosioloq Zahid Tağıyev bildirir ki, bu gün əhalinin sosial durumunun yaxşılaşdırılması üçün tək layihələrin icrası ilə kifayətlənmək olmaz: "Məsələyə hər zaman kompleks yanaşmaq lazımdır. İlk növbədə qanunverici baza daha da zənginləşdirilməli, daha sonra Azərbaycan modelinə yaxın ölkələrin praktikası öyrənilməli, beynəlxalq təşkilatlarla sıx iş birliyi qurulmalı və bunun tamamı olaraq real addımlar atılmalıdır. Məsələn, bu günlərdə Azərbaycanda güzəştli sosial binaların tikintisinə start verildi. Bu o deməkdir ki, sosial yüklü insanlar daha ucuz və rahat yolla mənzil əldə edə biləcəklər. Bu modeli Azərbaycan Türkiyə modelinə uyğunlaşdıraraq həyata keçirdir. Yəni demək istəyirəm ki, müsbət və effektli nümunələr tərəfimizdən öyrənilməli və əhalinin sosial durumunun yaxşılaşdırılmasına yönəldilməlidir. Bunu da qeyd edim ki, indi bir çox dövlətlər Azərbaycanın sosial yönlü layihələrini ciddi şəkildə öyrənirlər. Çünki Azərbaycanda həyata keçirilən sosial layihələr özlüyündə əhalinin, insanlarımızın həm də sosiallaşmasına müsbət təsir göstərir. Məhz bu sosiallaşma rifah halının yaxşılaşdırılmasına, dünyaya inteqrasiya etməyə dəstək verir.
Onu da qeyd edək ki, hazırda Azərbaycan bir çox sahələrdə beynəlxalq qurumlarla əməkdaşlıq edir və nəzəri bilgilərin öyrənilməsinə üstünlük verir. Bu baxımdan Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında imzalanmış "2016-2020 -ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının icrası çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti üçün nəzərdə tutulan seminarı xüsusiylə qeyd etmək lazımdır. Belə ki, keçirilən açılış tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) rəhbər vəzifəli şəxsləri və nümayəndələri, Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertləri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən ilin sentyabr ayında qəbul olunan "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin prioritetlərinə uyğun hədəflərə hesablandığını vurğulayıb: "Hazırda əmək bazarının dövlət tənzimlənməsinin innovativ yanaşmalar əsasında müasir modelinin qurulması aktual məsələlərdən biridir. Həmin Ölkə Proqramı və BƏT-lə əməkdaşlıq çərçivəsində təşkil olunan təlim kursları da bu mövzuda təcrübə və fikir mübadiləsinin aparılması üçün yeni imkanlar açır. Nazir bildirib ki, Dünya İqtisadi Forumunun 2016-cı il üçün Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə Azərbaycan mövqeyini daha da yaxşılaşdıraraq 37-ci yerdə (MDB ölkələri sırasında 1-ci yerdə) qərarlaşıb. Bu indeksin formalaşmasında mühüm rol oynayan əmək bazarının səmərəliliyinə görə Azərbaycan 26-cı və makroiqtisadi mühitə görə 39-cu yerdə olub: "Dünyada iqtisadi və maliyyə böhranının dərinləşməsinə və bunun iqtisadiyyatımıza obyektiv səbəblərdən göstərdiyi mənfi təsirlərə baxmayaraq, 2016-cı ildə ölkəmizdə qeyri-neft sənayesində 5 faiz, kənd təsərrüfatında 2,6 faiz artıma nail olunub və ölkə qarşısında duran bütün əsas vəzifələr icra olunub. S.Müslümov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri və sosial yönümlü dövlət proqramlarında yüksək keyfiyyətli kadr potensialının formalaşdırılması, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəldilmiş institusional infrastrukturun təkmilləşdirilməsi, kadr hazırlığı sisteminin dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması və s. mühüm hədəflər kimi müəyyən olunub."Əmək bazarı bazar iqtisadiyyatının ən mürəkkəb elemetlərindən biridir. Burada əməyin qiymətinin və əmək şəraitinin müəyyənləşdirilməsi prosesində işçinin və işəgötürənin maraqlarının uzlaşması ilə yanaşı, demək olar ki, cəmiyyətdə baş verən bütün sosial-iqtisadi dəyişikliklər əks olunur, deyə qeyd edən nazir əmək bazarının düzgün və məqsədyönlü tənzimlənməsinin ümumən sosial-iqtisadi inkişaf üçün vacib məsələlərin həllində xüsusi önəmini diqqətə çatdırıb. O bildirib ki, nazirlik yanında Dövlət Məşğulluq Xidməti əmək bazarının tənzimlənməsi institutları sırasında xüsusi yer tutur: "İşsiz və işaxtaran vətəndaşların, xüsusilə həssas əhali qruplarının sosial müdafiəsinin gücləndiriməsi, onların əmək bazarına daha tez inteqrasiya olunması məqsədilə Dövlət Məşğulluq Xidmətinin maddi-texniki bazası və institusional strukturu daim təkmiləşdirilir. Belə ki, Dövlət Məşğulluq Xidməti orqanlarının strukturunun optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli Fərmanı ilə işçilərinin sayı 2 dəfədən çox artırılaraq 908 nəfərə çatdırılıb. Məşğulluq orqanlarının həyata keçirdiyi aktiv məşğulluq tədbirlərindən, özünüməşğulluq proqramının icrasından, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, BMT İnkişaf Proqramı və s. qurumlarla sıx əməkdaşlıq çərçivəsində icra olunan layihələrdən bəhs edən S.Müslümov nazirliyin avtomatlaşdırılmış idarəetmə və xidmət sistemlərinin məşğulluq xidmətlərini də əhatə etməsi üçün müvafiq işlərin davam etdirildiyini bildirib: "İşsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sisteminin və məşğulluq xidməti orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun yanaşmalar əsasında qurulması bilavasitə onların kadr potensialının əmək bazarının mövcud çağırışlarına cavab verməsini tələb edir. Ölkə Proqramının əsas prioritet istiqamətlərindən biri də məhz Dövlət Məşğulluq Xidmətinin kadr potensialının, əməkdaşların bilik və bacarıqlarının artırılmasına yönəlib. Hesab edirik ki, yeni başlanan təlim kursları bu məqsədin reallaşmasına, ümumən Xidmətin fəaliyyətinin müasir institusional modelinin formalaşdırılmasına öz dəyərli töhfəsini verəcəkdir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məşğulluq orqanlarının fəaliyyətinin, əmək bazarının tənzimlənməsi sahəsində iş mexanizmlərinin mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi əsasında təkmilləşdirilməsi üçün aparılan işlərin təqdirəlayiq olduğunu vurğulayıb. H.Rəcəbli yeni başlanan bu təlim kurslarını qeyd olunan istiqamətdə əhəmiyyətli addımlardan biri kimi dəyərləndirib.
AHİK-in sədri Səttar Mehbalıyev "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının məşğulluq orqanlarının potensialının gücləndirilməsində də dəstək rolu oynadığını qeyd edib. S.Mehbalıyev Proqramın əmək resurslarının səmərəli məşğulluğuna yönələn iş metodlarının təkmilləşdirilməsi, əmək bazarı proqramları üzrə uğurlu beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi sahəsində geniş imkanlar açdığını diqqətə çatdırıb. O, yeni başlanan bu təlim kurslarının BƏT-lə əməkdaşlıq müstəvisində məşğulluq orqanlarının potensialının artırılması baxımından müsbət nəticələrinin olacağına əminliyini bildirib.
ASK-nın prezidenti Məmməd Musayev əmək bazarı və məşğulluq sahəsində aparılan siyasətin icrasında işəgötürənlərin fəal iştirak etdiyini vurğulayıb. M.Musayev aktiv məşğulluq tədbirlərinin məqsədyönlü təşkilində məşğulluq orqanları ilə işəgötürənlərin səmərəli əməkdaşlığının, sosial dialoqun xüsusi önəmini, yeni başlanan təlim kurslarının bu sahədə də fəaliyyətin gücləndirilməsində mühüm rol oynayacağını diqqətə çatdırıb. BƏT-in eksperti Mixail Puşkin təlim kurslarında nəzərdə tutulan mövzuların hər birinin məşğulluq orqanlarının fəaliyyətində vacib komponentlər olduğunu, iştirakçıların həmin mövzular üzrə dünya təcrübəsində mövcud olan yanaşma və praktikalar barədə də biliklərinin artırılacağını vurğulayıb.
Təlim kurslarının BƏT-in ekspertləri Yuri Qerçiy, Mikael Mvasikakata, Yens Sibbersen, Yulya Surinanın iştirakı ilə üç gün davam edəcək ilk mərhələsi "Məşğulluq Xidməti, əmək bazarında siyasət və məşğulluq sahəsində əhatəli siyasət proqramları, "Gənclərə və həssas gruplara yönəldilmiş fəal əmək proqramları və tədbirlər, "Peşə yönümü: konsepsiyalar və alətlər, "Əmək bazarında informasiya sistemi, "Yeni iş yerlərinin yaradılması, "Danimarka Məşğulluq Xidməti timsalında ictimai vəziyyətin təhlili, "Dövlət Məşğulluq Xidmətinin işində sosial dialoqun rolu və s. mövzuları əhatə edir. Bununla paralel olaraq həm də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikası Nazirlər Kabinetinin tabeliyində fəaliyyət göstərən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya Ofisinin rəhbəri Adəm Urfa ilə görüş olub.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli əmək resurslarının məşğulluğunun təmin olunmasının, o cümlədən sosial cəhətdən həssas əhali qruplarının məşğulluğuna şərait yaradılmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutduğunu vurğulayıb. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə aparılan işlər barədə məlumat verib. Qeyd olunub ki, TİKA ilə nazirlik arasında əməkdaşlıqda da bu istiqamət xüsusi yer tutur. Belə ki, son illərdə özünüməşğulluğun dəstəklənməsi sahəsində nazirlik tərəfindən icra olunan iki pilot layihədən biri də TİKA ilə əməkdaşlıqda həyata keçirilib. Layihə çərçivəsində əlilliyi olan və işaxtaran kimi qeydiyyata alınmış şəxslər üçün arıçı peşəsi üzrə hazırlıq kursu təşkil olunduqdan sonra hər birinə lazımi avadanlıq və vasitələr verilib. Digər pilot layihə kimi, bu layihə də gözlənilən şəkildə özünü doğruldub. Həmin əlilliyi olan insanlar müəyyən müddətdən sonra özünüməşğulluq fəaliyyətindən gəlir əldə etməklə vergi və sosial sığorta ödəyicisinə çevriliblər.
Görüş iştirakçılarına Azərbaycan Prezidentinin 07 aprel 2016-cı il tarixli Sərəncamı əsasında ölkəmizdə işsiz və işaxtaran vətəndaşların özünüməşğulluğun təmin olunması sahəsində görülən işlər barədə məlumat verilib. Sərəncamla hazırda ölkəmizdə işsiz və işaxtaran şəxslərin ailə bizneslərinin qurulması üçün aktivlərlə təminatının həyata keçirildiyi bildirilib.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakı şəhərində Əmək Mərkəzinin yaradılması işləri də diqqətə çatdırılıb. Mərkəzin İƏT-ə üzv dövlətlər arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın inkişafında əhəmiyyəti qeyd olunub. Bu mərkəzin fəaliyyətində İƏT-in Türkiyədə fəaliyyət göstərən qurumu olan İslam ölkələri üzrə Statistika, İqtisadiyyat, Sosial Araşdırma və Tədris Mərkəzi (SESRİC) ilə sıx əlaqələrin qurulmasının faydalı ola biləcəyi vurğulanıb. A.Urfa TİKA-nın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq şəraitində kənd təsərrüfatı, turizm, institusional infrastrukturun inkişaf etdirilməsi, iqtisadi, sosial və mədəni sahələr üzrə layihələrindən bəhs edib. O, təşkilatın Azərbaycanda da uğurlu iş təcrübəsinin olduğunu, həmçinin sosial müdafiə, məşğulluq sahələrində dəstək məqsədli layihələr həyata keçirdiklərini bildirib.Görüşdə sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin peşə bilik və bacarıqlarına yiyələnmələrinin, məşğulluq imkanlarına malik olmalarının dəstəklənməsi sahəsində əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
E.Əliyev