"Konsertdə mən 7 yeni mahnı ifa etdim. Onun 3-nü konsert öncəsi artıq tamaşaçılar eşitmişdilər. Konsertdə ifa etdiyim elə mahnılar var ki, hələ də nə televiziyada, nə də radioda səslənməyib. Novruz bayramı ərəfəsində "Uşaq kimi" mahnısının müəllifləri Rabil Səfərli və Rauf Sübhinin mənim üçün yazdığı yeni mahnı çıxacaq. Adı "Nə məsələdir?". Çox maraqlı mahnıdır".

Unikal.org xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev  ARB ULDUZda yayımlanan "Şou-məkan" verilişində deyib.

Solo konserti zamanı saçlarını sarı rəngə boyatdıran müğənni bunun yenilik olmadığını söyləyib:

"2001-ci ildə ilk dəfə tamaşaçı qarşısına belə sarı saçlarla çıxmışam. Konsertdən sonra da saxlamışam. Çünki xoşuma gəlir. Hələ bu rəngdən bezməmişəm.
 
F.Ağayev paltar seçimində dərziyə müraciət etdiyini də bildirib:

"Üzərimdə olan paltarı kimdəsə görəndə pis oluram. Ona görə çalışıram elə bir şey geyinim ki, heç kimdə olmasın. İstər bəy olsun, istərsə də xanım gözəl görünməsi üçün dərziyə getməlidi və mən də gedirəm təbii ki".

F.Ağayev geyim seçimində hər zaman diqqətli olduğunu bildirib:

"Mənim üçün solo konsert təkcə oxumaq deyil. Bu bir moda dəfiləsidir. Eynilə tədbirlərə gedəndə də mən elə geyinirəm ki, son trendlərə və bədən biçimimə uyğun olsun, yaraşsın. Bu məsələdə vasvasıyam."

Xalq artisti geyim seşimində anasının  fikrini də  qulaq asdığını söyləyib:

"Bəzən paltar almışam, amma anam bəyənməyib. Deyib, bu nədi? Geyimləri tək-tək görəndə bəyənməyib. Ancaq sonradan əynimdə tam kostyumu görəndə deyib ki, sənin zövqünə söz ola bilməz".