"Planeta parni iz Baku" KVN teatrının üzvlərindən olan istedadlı aktyor Elçin Həmidovun vəfatından 6 il keçir.
Unikal.org xəbər verir ki, Həmidov Elçin Qəzənfər oğlu 1958-ci ildə 29 iyun-da Bakıda anadan olmuşdur.Körpə yaşlarından əvvəlcə atasını, sonra isə anasını itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürür. Amma gələcəyin istedadlı aktyorunu hələ qarşıda daha böyük çətinliklər gözləyir. Əmisinin evində də əziyyətli günlər keçirən, valideynlərinin itkisindən özünə gəlməyə macal tapmayan Elçinin əvvəlcə bacısı, sonra isə qardaşları vəfat edir. 1974 -cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsində çalışıb. 1977-ci ildə İncəsənət İnstitutunun «Dram-kino aktyoru» fakültəsinə daxil olub 1981-ci ildə bitirib.
1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında artist-vokalist kimi fəaliyyət göstərib. İstedadı və bacarığı sayəsində Elçin Həmidov az vaxt ərzində kollektivdə böyük hörmət qazanıb. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaratmağa nail olmuşdur.
Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Olmadı elə, oldu belə»də Gülüstan, Vasif Adıgözəlov, Əliağa Kürçaylı «Boşanaq, evlənərik»də İkram, H.Qurbanov, Cahangir Aslnoğlu «Qarğa məndə qoz var»da Zərzibonskaya, Soltan Hacıbəyov «Qızıl gül»də Azay, Səid Rüstəmov, Məmməd Səid Ordubadi «Beş manatlıq gəlin»də Nadir, Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Özümüz bilərik»də Miriş, Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz»də Mayıl, Süleyman Ələsgərov, İsi Məlikzadə «Hərənin öz ulduzu»nda Nəzir, Emin Sabitoğlu, Xalidə Hasilova «Nəğməli Könül»də Mustafa, Sərdar Fərəcov, Əli Əmirli «Səhnədə məhəbbət»də ofisiant, Oktay Rəcəbov, Aqşin Babayev Əlin cibində olsun-Şəkərli, Vasif Adıgözəlov, Anar "Aldın payını çağır dayını-Əli Əyrizadə, Faiq Sücəddinov, Tamara Vəliyeva Mən dəyərəm min cavana-Dilənçi, İmre Kalman İdialı qaraçı Estraqon, Üzeyir Hacıbəyli «O olmasın, bu olsun»da Rza bəy, Rauf Hacıyev «Talelər qovuşanda»da Totuş, Üzeyir Hacıbəyli "Ər və arvad Kəblə Qubad rolları ilə tamaşaçıların rəğbətini qazanmışdır.
Elçin Həmidov istedad baxımdan varlı insan idi.Onun məlahətli səsi var idi və hər cür janrda ifa etməyi bacarırdı.Əsl bariton və soprano səsə malik idi.Tamaşalardakı çox musiqiləri ifa edir və tamaşalara xüsusi ahəngdarlıq və gözəllik qatırdı.O, hər bir rolu ilə tamaşaçıya gülüş, sevinc bəxş etməyə çalışırdı. Bunun üçün Elçin Həmidova epizodik olsa belə, səhnədə, televiziya ekranında görünmək kifayət edirdi. Tanınmış sənətçiləri parodiya etməyi isə başqa bir aləm idi.O,gülərüz simaya,əla bədən quruluşuna malik idi və onda qadın və kişi rolları çox koloritli alınırdı.Bu mənada Elçin bənzərsiz aktyor idi.Onun parodiyalarını uşaqdan böyüyə hər kəs çox sevərək izləyirdi.İstedadlı aktyor həmçinin "Planet Parni iz Baku" KVN teatrının əsas simalarından biri idi.O,bu teatrda gözəl obrazlar yaratmışdır.O cümlədən Məhəllə 1 və Məhəllə 2 filmlərində canlandırdığı "Məzi" obrazı komik olmaqla bərabər,həm də düşündürücüdür.Bundan başqa Elçin Həmidov televiziya verilişlərində də aparıcılıq etmişdir. Onun "Tez bazar", eləcə də mətbəx verilişləri tamaşaçılar tərəfindən maraqla qarşılanırdı.
Onun son yaratdığı obraz Nikolay Vasilyeviç Qoqolun "Evlənmə komediyasında Yaiçnitsa obrazı oldu. 23 fevral tarixində ilk və son premyerası oldu Elçin Həmidovun.Onun ölümü də çox qəfil və kədərli oldu.
2011-ci il 4 martda İstedadlı aktyor 52 yaşında qəflətən dünyasını dəyişdi. Həmin vaxt teatrda "Hərənin öz ulduzu" tamaşasının orkestrlə məşqi idi.Heyf ki,bu tamaşada oynamaq Elçin Həmidova qismət olmadı.
Elçinin işə gəlmədiyini görən dostları onun evinə getdilər.Fövqaladə Hallar Nazirliyinin işçilərinin köməyilə qapı açıldı.Təəssüf ki,bu vaxt artıq Elçin Həmidov tək-tənha dünyasını dəyişmişdir. Aktyor 5 mart-da Xırdalan qəbiristanlığında torpağa tapşırılmışdır.