ABŞ Dövlət Departamentinin 2016-cı ildə insan haqlarına riayət olunması barədə məruzəsi müstəsna olaraq Vaşinqtonun fikridir və beynəlxalq sazişlərin təsir dairəsindən kənardadır.
Bu fikir Misir Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Əhməd Abu Zeydin bəyanatında yer alıb.
O deyib ki, ABŞ Dövlət Departamenti digər ölkələrdə insan haqları sahəsində vəziyyət barədə müntəzəm nəşrlərini davam etdirir. Bu, ABŞ-ın daxili mülahizələrinə əsaslanan yanaşmadır və yalnız rəsmi Vaşinqtonun nöqteyi-nəzərini əks etdirir. Bu cür yanaşma Misirin imzaladığı beynəlxalq sazişlərin hüquqi çərçivəsinə heç cür sığmır və bu ölkənin təmsil olunduğu BMT strukturlarının hüquqi əsasları ilə bağlı deyil.
XİN rəsmisinin bəyanatında göstərilir ki, Misirdə insan hüquqları milli, dövlət və ya müstəqil təşkilatlar tərəfindən nəzarət olunan konstitusion öhdəliklərlə müəyyən edilir. Məsələn, Misirin İnsan Hüquqları Milli Şurası, habelə icra hakimiyyəti orqanlarının öz öhdəliklərinin icrasına nəzarət edən ölkə parlamenti bu cür qurumlardandır.
Xatırladaq ki, Dövlət Departamentinin yaydığı məruzədə Misirlə bağlı ayrıca bölmə yer alıb. Məruzədə Misir ordusunun Sinay yarımadasında antiterror kampaniyası zamanı hədsiz qüvvə tətbiq etməsi, bu regionda ekstremistlərə qarşı əməliyyatlarda dinc adamların həlak olması göstərilir. Narazılıq doğuran digər məsələ isə guya Misirdə insanların siyasi səbəblərlə bağlı yoxa çıxması, həbs edilənlərə cismani cəza hallarının mövcud olmasıdır.