Mehriban Əliyevanın keçirdiyi müşavirə 3 saylı Peşə Məktəbində məskunlaşan köçkünlərdə böyük ümid yaradıb
Artıq 25 ildir ki, bu ünvanda yaşayırlar. 3 saylı Peşə Məktəbində. Tələbə olmasalar da, 25 ildir ki, tələbə həyatı yaşayırlar bu məktəbin binasında. Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küç. 36 ünvanında yerləşən bu peşə məktəbinə kənardan baxanda burada tələbələrin yox, məcburi köçkünlərin yaşadığı bəlli olur.
Elə ilk həmsöhbətimiz Kəlbəcər sakini Məxluqə Şirinova da 25 ildir ki, dözülməz şəraitdə yaşadığından gileylənir: "Kim gəlir soruşur ki, siz bu məktəbdə neyniyirsiniz? 25 il oxumaq olar? Biz bu məktəbə sığınmışıq. Öz doğma yurd-yuvamızı, isti ocağımızı yağı əlində qoyub bu dar, işıqsız otaqlara pənah gətirmişik.
Həmsöhbətimiz deyir ki, 1993-cü ildə Kəlbəcərin işğalından sonra köçkün düşüb: "O vaxt vertalyotla gəlib Yevlax şəhərinə töküldük. Oradan Bakıya pənah gətirdik. Yoldaşım Qarabağ müharibəsində itkin düşdü. Oğlumla tək qaldıq. O vaxt uşaq beş aylıq idi. Çox çətin oldu həyatda qalıb yaşamağımız. Bazarda gedib göy satıb uşaq böyütdüm. İndi oğlumun 25 yaşı var. 25 ildir ki, Kəlbəcərsiz yaşayırıq. O cürə dağların bol oksigenini məcburiyyət qarşısında bu dar, havasız, təmirsiz, nəm otağa dəyişmişik.
M. Şirinova deyir ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə danışılanlardan, verilən tapşırıqdan xəbərdardır: "O gündən ümidimi bağlamışam Mehriban Əliyevanın o tapşırığına: "Mehriban xanım dedi ki, doğma torpaqlarından didərgin düşmüş soyadaşlarımızın problemləri, 20 ildən çoxdur dövlətin diqqət mərkəzindədir. Bu doğurdan da belədir. Amma nədənsə bizim yataqxanadan illərdir ki, köç baş tutmur. İllərdir ki, bu bir otaqda ana-bala şəraitsiz şəkildə yaşayırıq. Mehriban xanımın o müşavirədəki çıxışından sonra inanıram ki, bizim də qəzalı yataqxanamızdan köç baş tutacaq. Əlbəttə, bizim öz evimizin, Kəlbəcərin həsrətini ən gözəl görünüşlü ev də unutdura bilməz. Amma bu şəraitdə də davam etmək olmur axı. Bizim nə düz əməlli hamamımız var, nə ayaqyolumuz, nə də mətbəximiz. Harda eşitmisiz ki, ayaqyolu ilə mətbəx bir ola? Biz çarəsiz balkonun bir başını ayaqyolu, o biri başını mətbəx eləmişik. İllərdir ki, bu dözülməz şəraitdə yaşayırıq.
Məxluqə xanım yaxın vaxtlarda onların yeni mənzillə təmin olunacağına böyük ümid bəslədiyini söyləyir: "Bizim inamımız böyükdür. Mehriban xanım dedi ki, qəzalı vəziyyətdə, dözülməz şəraitdə yaşayan köçkünlər köçürülsünlər. Biz də inanırıq ki, o gün uzaqda deyil.
Məxluqə xanımla qapıbir qonşu Allahverdiyev Məhəmməd dayı isə nə bu dar, işıqsız otaqları görür, nə də nəmişlikdən qabaran divarları. Ağdam rayonundan məcburi köçkün olan Məhəmməd dayı deyir ki, bircə otaqda nəmişliyi hiss edir: "Ay bala o qoxuya da illərdir ki, alışmışıq. Bu dar, işıqsız otaqlarda hər xəstəlik tapmışıq. Yeni evlərə köçmək ümidimizi Mehriban xanım cücərtdi. Gözüm görməsə də xəbərlərə qulaq asıram. Eşitdim ki, Mehriban Əliyeva müşavirə keçirib. İlk müşavirəsini də biz köçkünlərin problemlərinə həsr edib. Sağ olsun, var olsun. Özünün dilindən eşitdim. Dedi ki, "bu gün qarşımızda duran əsas məqsəd Bakı və Sumqayıt şəhərlərindəki 4 min köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Ən qəzalı, ən ağır vəziyyətdə yaşayan ailələr tezliklə yeni binalara köçürülməlidir.Bu xəbəri eşidəndə uçmağa qanadım olmadı. İndi hamımız o günü gözləyirik. 25 ildir ki, dözürük bu şəraitsizliyə. Nə düz əməlli hamamız var, nə mətbəximiz.Vəziyyətimiz çox acınacaqlıdır. Mən öz torpağımda ölmək istəyirəm. Amma ona qədər də bir Allahın gününü görmək istəyirəm. Axı biz köçkünlük başlayandan bir gün görmədik. Ömrümüz bu yataqxanaların soyuq, nəm, dar otaqlarında keçdi. Ağdam kimi yerdən sonra bu cür şəraitdə yaşamağa birtəhər tab gətirdik. Amma günü-gündən şəraitimiz pisləşir. Özümüzün də vəsaiti yoxdur ki, təmir edib gün-güzəran quraq. Çarəsiz illərdir ki, bu dözülməz həyata dözürük. 3 saylı Peşə Məktəbinin pilləkənlərini qalxdıqca nəm, dar, qaranlıq dəhlizdə yaşamağın nə qədər çətin olduğunu gözlərimizlə görürük. Bu mənzərənin şahidi olduqca işğal altında qalan torpaqlarımızdan didərgin düşən məcburi köçkünlərin həyat şəraiti gözümüzün qarşısında canlanır. Qeyd edək ki, üz tutduğumuz bu yataqxanada məskunlaşanların çoxu Zəngilan rayonundan məcburi köçkün düşən soydaşlarımızdır. İki uşaq atası Amil Novruzov da onlardan biridir. 25 ildir ki, bu yataqxananın daimi sakininə çevrilən Amil iki uşağı bir otaqda, şəraitsiz vəziyyədə böyütməyin çətin olduğunu etiraf edir: "Uşaqlar yayda istidən birtəhər olur bu dar, havasız otaqlarda. Amma neyniyək, çarə də yoxdur. Məcburuq bu vəziyyətdə yaşamağa.
Həmsöhbətimiz deyir ki, şəraitsizlik uşaqların sağlamlığına da mənfi təsir edir: "Uşaqlar bu dar, havasız, qaranlıq otaqda tez-tez xəstələnir. Həkimə də aparanda deyir ki, şəraitsiz yaşamağın fəsadlarıdır. Otağa işıq düşməlidir. Amma bu yataqxanada bir otaq tapmışıq deyə sevinirik. Nə hamamımız var, nə mətbəximiz. Əşyalarımızı yığmağa yer tapmırıq. İnanırıq ki, bizim yataqxanadan da köç baş tutacaq. Çünki, Mehriban xanım tapşırıq verib.
Qapısını döydüyümüz növbəti evdə isə axşam yatan olanda kimsə yerindən tərpənə bilmir. 5 nəfərlik ailəni necə dar bir otağa sığışdırmaq olar deyir ev sahibi Nazir Əliyev. Doğru dediyi mənzərədən də görünür. Dar, işıqsız otaqda isə üç uşaq böyüyür: "Beşimiz də bir otaqda yatırıq. Axşam yer salınanda kimsə yerindən tərpənə bilmir. İnanın ki, su istəyən olanda tərpənə bilmirik. O qədər dardır otağımız. Amma çarəsiz illərdir yaşayırıq. 25 il az vaxt deyil. Birtəhər dözürük ki, bəlkə bizi də köçürdələr bir gün. Ümidimizi Mehriban Əliyevanın göstərişinə bağlamışıq. İnamımız böyükdür. İnanırıq ki, yaxın vaxtlarda bizim bu dözülməz şəraitimizə son qoyulacaq. Uşaqlarımızın gözəl gələcəyi olacaq.
Məmmədova Pərvanə də köçürüləcəyi günləri sayanlar sırasındadır. Deyir ki, nəvələrini geniş, heç olmasa işıqlı otaqda görməyi arzulayır: "Bir otağa beş nəfər sığınmışıq. Birimiz yatanda gərək hamımız yataq. Uşağın dərs oxumağa şəraiti yoxdur. Naəlac dözürük. İnanırıq ki, digər məcburi köçkünlər kimi bizim də yeni evlərə köçümüz baş tutacaq. Sağ olsun dövlətimiz, indiyədək çox məcburi köçkünü yeni mənzillə təmin edib. Salınan məcburi köçkün şəhərcikləri də bunun əyani sübutudur. Biz də ümid edirik ki, Mehriban xanımın müşavirəsindən sonra biz yeni mənzillə təmin olunacağıq.
Zəngilan köçkünü Fəridə Quliyeva da 6 nəfərlik ailəsi ilə dar, havasız, işıqsız otağa sığınıb: "Düz 25 ildir ki, bu şəraitdə yaşayırıq. Yayda istidən nəfəs tutulur. Bu otaqda böyük nəfəs ala bilmir, qalsın körpələr ola. Uşaqların çoxunun tənəffüsündə problem var. Həkim də deyir ki, nəm, havasız otaqda yaşamağın nəticəsidir. Amma başqa çarəmiz də yoxdur. Özümüzdən çox uşaqları fikirləşirik. Neyniyək, necə edək bilmirik. Hələki dözürük. Mətbəx yox, hamam yox. Ümumi hamamda da qışda istilik olmur. Naəlac qalıb evdə vanna qoyub uşaq yuyundururuq. Bir sözlə bir otaqdan həm oturmaq, həm yatmaq, həm yemək bişirmək, həm də yuyunmaq üçün istifadə edirik. Şərait olmadığından oğlanların çoxu ailə qura bilmir. Bir otağa gəlin gətirmək də olmur. Amma çoxunun sevib seçdiyi var. Elçi gedəndə də qız evi deyir bir otağa gəlini hara aparacaqsan? Haqlı sualdır.
Yataqxana sakinləri deyir ki, burada qaz olmadığından, evi elektrik qızdırıcıları ilə isidirlər: "Görürsünüz ki, divarlarımızdan su damır. Çarpayının arxası nəmişlikdən kif bağlayıb.Otağın havasını bir az da ağırlaşdırır. Amma çarəsiz dözüb otururuq ki, bəlkə bizə gün ağlayan ola. Mehriban xanım bizim problemimizə diqqət çəkəndə çox sevindik. İnanırıq ki, bu tapşırıq yerinə yetiriləcək. Bizim də canımız bu darısqal, havasız, nəmişlik divarlardan qurtaracaq.
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva müşavirənin doğma torpaqlarından didərgin düşmüş soyadaşlarımızın problemlərinin həllinə həsr edildiyini, bu məsələnin artıq 20 ildən çoxdur dövlətin diqqət mərkəzində olduğunu bildirib. M. Əliyeva prezident İlham Əliyevin imzaladığı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair Dövlət Proqramının icrası nəticəsində soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təyinatı istiqamətində lazımi tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Azərbaycanın birinci vitse-prezidenti qeyd edib ki, indiyə qədər bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 250 min köçkün yeni mənzillə təmin olunub, salınan qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa edilib. Soydaşlarımızın işlə təmin olunması istiqamətində lazımi addımlar atılıb, son 13 ildə yüz minlərlə qaçqın və məcburi köçkün işlə təmin olunub.
Birinci vitse-prezident Mehriban Əliyeva buna baxmayaraq, hələ də bir çox məcburi köçkün ailələrinin qəzalı və yararsız binalarda yaşadığını, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı işlərin sürlətləndirilməsi üçün əlavə addımların atılmasına ehtiyacın olduğunu deyib.
Azərbaycanın Birinci vitse-prezidenti Bakı və Sumqayıt şəhərlərindəki qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinin vacibliyini vurğulayıb, bu məqsədlə əlavə vəsaitin və yeni binaların inşası üçün ərazinin ayrılmasının və tezliklə tikinti işlərinə başlanılmasının zəruriliyini qeyd edib. Onu da bildirib ki, Bakı və Sumqayıtda inşa olunan yeni binalarda qaçqın və məcburi köçkünlərin köçürülməsi üçün mənzillər ayrılmalıdır.
Müşavirədə indiyə qədər qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlər barədə qısa təqdimat olub. Təqdimatdan da göründüyü kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan iqtisadiyyatına 800 milyard dollardan çox ziyan dəyib. Ümummilli lider Heydər Əliyevin apardığı siyasət nəticəsində münaqişə haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə 55 fərman və sərəncam verilib. 2001-2016-cı illərdə 95 qəsəbə salınıb, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı və digər infrastruktur obyektləri tikilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib. Sonra baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış ediblər. Müşavirəyə yekun vuran M. Əliyeva bu məsələnin qısa zamanda həlli üçün birgə çalışmağın əhəmiyyətindən danışıb. O, uşaq bağçalarının tikintisi və yenidənqurulması ilə bağlı böyük işlərin görüldüyünü deyərək bəzi hallarda bu bağçaların tam gücü ilə fəaliyyət göstərmədiyini diqqətə çatdırıb. Vurğulayıb ki, məsələnin tezliklə həlli üçün Maliyyə Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında işçi qrup yaradılmalıdır: "Bu gün qarşımızda duran əsas məqsəd Bakı və Sumqayıt şəhərlərindəki 4 min köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Ən qəzalı, ən ağır vəziyyətdə yaşayan ailələr tezliklə yeni binalara köçürülməlidir deyən Mehriban Əliyeva bu istiqamətdə müvafiq dövlət orqanları arasında əlaqələndirilmənin aparılması ilə bağlı tapşırıqlarını verib. Azərbaycanın birinci vitse-prezidenti qaçqınların və məcburi köçkünlərin işlə təmin olunması istiqamətində rayon icra hakimyyətlərinə təkliflər hazırlamağı tapşırıb. Mehriban Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapacağına, ərazi bütövlüyümüzün bərpa olunacağına, bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacağına əminliyini ifadə edib.
Müşavirədə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, hazırda respublika üzrə 636 min məcburi köçkündən 217 min nəfəri, yaxud bütün məcburi köçkünlərin 35 faizi Bakı şəhərində müvəqqəti məskunlaşıb. Paytaxtda kompakt məskunlaşma obyektlərində 41 min ailə, o cümlədən 14 min ailə yataqxanalarda, 5 min ailə ictimai binalarda, 4 min ailə sanatoriya, pansionat, turbazalarda, daha 4 min ailə tikintisi yarımçıq binalarda, 2 min ailə təhsil müəssisələri və uşaq bağçalarında yaşayır. Bura texniki peşə məktəbləri də daxildir: "Həmçinin istismar müddətini başa vurduğundan tam yararsız, qəzalı vəziyyətə düşmüş 117 obyektdə 8 min ailə və ya 35 min nəfər məcburi köçkün yaşayır. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinə və tərtib olunmuş arayışlarda həmin obyektlərdən 44-də təxirəsalınmaz tədbirlərin görülməsinin və orada yaşayan 4 min ailənin, 16 min məcburi köçkünün köçürülməsinin zəruriliyi bildirilib.
Əli Həsənov nəzərə çatdırıb ki, respublika üzrə 4000 ailə və ya 18 min məcburi köçkün uzun illər yerli sakinlərə məxsus mənzillərdə yaşayır. Ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə bəzi tədbirlər görülür: "Bu il Tərtər rayonunda 1170 ailəlik qəsəbə tikilir. Bakı şəhəri və ətraf ərazilərdə mövcud qəsəbələrdəki boş torpaq sahələrində 260 ailəlik 4 yaşayış binasının tikintisi üçün maliyyə məsələləri həll olunub, inşaat işlərinə başlanılıb və oraya 2 qəzalı binada yaşayan məcburi köçkünlərin köçürülməsi təmin olunacaq. Bakı şəhərində və ətraf qəsəbələrdə - Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yaxınlığında 800, Pirallahı rayonu ərazisində 330, habelə Sumqayıt şəhərində 2900 məcburi köçkün ailəsindən birinci mərhələdə 1000 ailə üçün yeni yaşayış komplekslərinin tikintisi məqsədilə müvafiq torpaq sahələri ayrılıb və layihələndirmə işləri həyata keçirilir.
Dövlət Komitəsinin sədri qeyd edib ki, son 13 ildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 380 min əmək qabiliyyətli məcburi köçkündən 200 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin olunsa da, hələ 161 min nəfərin daimi işlə təmin edilməsinə ehtiyac var. Mövsümi işlərlə birlikdə 400 min nəfərə qədər işlə təmin olunub.
Keçirilən bu müşavirə göründüyü kimi, məcburi köçkünlərdə böyük inam yaradıb. Qəzalı vəziyyətdə olan yataqxanalarda məskunlaşan məcburi köçkünlər, yaxın vaxtlarda "tələbə həyatından qurtulub geniş, işıqlı, müasir otaqlarda yaşayacaqlarına böyük ümid edirlər. Ümid isə sonda ölür deyirlər...
Mələk Eyvazlı