Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü martın 28-də Şağlaser kəndində keçirib. İH-dən unikal.org-a daxil olan xəbərə görə, görüşdə İcra başçısının müavinləri və aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların və xidmət sahələrinin rəhbərləri, 300 nəfər kənd sakini iştirak edib. Çıxış edən sakinlərson illərdə nümayəndəliyə daxil olan kəndlərdə yeni məktəblərin tikilib istifadəyə verilməsini, yeni asfalt yolların çəkildiyini bildiriblər. Sonra sakinlər problemlərlə bağlı icra başçısına müraciət ediblər. İcra başçısı Taleh Qaraşov görüşü yekunlaşdıraraq ölkədə gedən inkişaf prosesləri, Lənkəran rayonunda həyata keçirilən işlər və qarşıda duran vəzifələr haqqında danışıb, sakinlər tərəfindən qaldırılan müraciətlərin və təkliflərin həll ediləcəyini söyləyib. T.Qaraşov Azərbaycanda hökm sürən sabitlikdən, əmin-amanlıqdan ətraflı bəhs edib, bunu qorumağın vacibliyini diqqətə çatdırıb, hamını ölkə başçısının ətrafında sıx birləşməyə çağırıb.
Ölkədə ərzaq təhlükəsizliyini təmin etməyin zəruriliyindən söz açan Taleh Qaraşov bunun üçün kənd təsərrüfatını inkişaf etdirməyin, torpaqların əkilib becərilməsinin, əhalinin payıbəlli torpaqlarının fermer şəklində birləşdirilməsinin zəruriliyini, Sahibkarlığa Kömək Milli Fondunun kreditlərindən səmərəli şəkildə bəhrələnməyin vacibliyini önə çəkdi. Rayonda emal müəssisələrinin tərəvəz məhsullarını qəbul etməyə hər cür imkanı olduğunu söyləyən İcra başçısı yaşıl marketlərin yaradılması istiqamətində lazımi tədbirlərin görüldüyünü vurğuladı, kəndlinin torpağa qayıtmasının ən vacib şərtlərdən biri olduğunu önə çəkib.
Taleh Qaraşov sonda səyyar qəbul-görüşdə qaldırılan müraciətlərin və təkliflərin həlli ilə əlaqədar müvafiq strukturların rəhbərlərinə konkret tapşırıq və tövsiyələrini verib.