ATƏT özünü təsdiq üçün hər addımı atacaq
14:30 10-07-2012
İQTİSADİYYAT
ATƏT özünü təsdiq üçün hər addımı atacaq
Təzyiq dili sonuncu imkan hesab edilir
Bakı artıq bir neçə gündür ki, Dağlıq Qarabağ problemi danışıqlar mərkəzinə çevrilib və çox maraqlı bir yarış səhnəsi yaranıb. Bir tərəfdən qərb və ABŞ bölgədə prosesləri nəzarətə götürmək istəyir, bu biri tərəfdən isə Rusiya təzyiq dilində danışmağa çalışır.
Amma hələlik üstünlük qərbdədir. Bir neçə ay ərzində ən azı 4 dəfə Dağlıq Qarabağ problemini danışıqlar stolu üzərinə gətirdilər və çalışdılar ki, Rusiya bu danışqlarda iştirak etməsin. İndi isə bir tərəfdən Rusiya Dövlət Dumasının sədri Bakıdadır, bu biri tərəfdən isə ATƏT-in baş katibi Lamberto Zanyer Bakıya gəlib. Zaynerin tələm-tələsik Bakıya gəlməsinin isə xüsusi səbəbi var. Bu səbəb nədən ibarətdir? Son bir ay ərzində istər Bakıda, istərsə də ABŞ-da aparılan müzakirələrdə iki ideya çox səsləndi. Bunlardan biri bu oldu ki, Rusiyanı danışıqlar prosesindən kənarda saxlamalı, iki ATƏT-in Minsk qrupu isə danışıqlarda nəticə əldə edə bilmədiyi üçün ləğv olunmalı və yeni format tapılmalıdır. Format olaraq isə bu göstərilir ki, BMT-in nəzarəti ilə tərəflər bir başa danışıqlara başlamalıdır. Bu isə sözsüz ki, həm Rusiyanı qıcıqlandırır, həm də beynəlxalq aləmdə nüfuzunu hər gün itirən ATƏT üçün sadəcə olaraq məhv olmaq deməkdir. Elə buna görə də region yenidən hədəfə alınıb. Elə qonaqla görüşdə xarici işlər naziri Elmar Məmmədyarov açıq şəkildə ATƏT-i günahlandırdı. O, bildirib ki, ATƏT-in 20 ildir münaqişənin həlli ilə məşğul olduğunu, lakin hələ də nəticə əldə edə bilmir. L. Zanyer isə Azərbaycana ATƏT-in baş katibi qismində ilk dəfə səfər etdiyini xatırladıb. O, nazirlə ATƏT-Azərbaycan əməkdaşlığının bütün spektri üzrə müzakirə apardıqlarını söyləyib. L. Zanyer Ermənistana səfəri zamanı da Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirəcəyini bəyan edib. Baş katib qeyd edib ki, iyulun 10-da həmsədrlər bölgəyə növbəti səfər edəcəklər: “Təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlər ciddi narahatlıq doğurur. İnsanların ölümü ilə nəticələnən bu cür insidentlər yolverilməzdir və belə hadisələrin qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir. Mövcud status-kvo qəbuledilməzdir”.
L. Zanyer snayperlərin geri çəkilməsi, insidentlərin araşdırılması və etimadın qurulması istiqamətində ATƏT-in bir sıra tədbirlər təklif etdiyini nəzərə çatdırıb: “Danışıqlar prosesinin alternativi yoxdur. Münaqişənin həllini tapmaq lazımdır, lakin bu həlli zorla sırımaq olmaz. Tərəflər özləri razılığa gəlməlidir. ATƏT buna öz töhfəsini verməyə hazırdır”.
Təmas xəttindəki insidentlərin araşdırılması üçün ATƏT-in irəli sürdüyü təklifləri şərh edən E. Məmmədyarov isə bildirib ki, problem mexanizmlərdə deyil, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalındadır: “Ermənistan öz ordusunu geri çəksə, onda snayperlərə də ehtiyac qalmaz”.
Beləliklə gördüyünüz kimi ATƏT inamı itirməyindən çox narahatdır və buna görə səfərlərin sayı bundan sonra da artırılacaq. Ekspertlər hesab edir ki, ATƏT bu səfərlərin sayını artırmaqla iki vəzifənin öhdəsindən gəlməyə çalışacaq. Birinci növbədə artıq beynəlxalq aləmdə belə rəy yaranıb ki, bu ilin payızına qədər Dağlıq Qarabağ müharibəsi yenidən başlayacaq və ATƏT-də bu fürsətdən yararlanaraq atəşkəsin saxlanılmasına çalışacaq. Hələ ki, buna nail olur. Amma bu Rusiyanın maraqlarına cavab verməzsə atəşkəs hər an pozula bilinər və müharibə qaçılmaz olacaq. Necə ki, ABŞ Dövlət Katibi regiona gələn an Ermənistan 10 gün dayanmadan atəşkəsi pozdu və artıq tərəflər bir nömrəli döyüş vəziyyətinə gətirilmişdi. Buna görə ATƏT,ABŞ-dan fərqli olaraq Rusiyanın proseslərdə qalmasına çalışacaq. ATƏT-in həyata keçirtmək istədiyi ikinci vacib məsələ tərəflərə beynəlxalq təşkilatların təzyiqini artırmaqdır. Artıq bununla bağlı ATƏT bir nümunəni sınaqdan çıxartdı.
ATƏT-in Parlament Assambleyası Rusiyada insan hüquqlarını pozan məmurlara qarşı Avropa ölkələrinin sanksiyalar tətbiq etməsinə çağırış edən “Maqnitski qətnaməsi”ni qəbul edib.
Qətnamədə söhbət insan hüquqlarını pozan dövlət məmurlarından, məsələn Hermitage Capital Fondunun hüquqşünası Sergey Maqnitskinin həbsxanada ölümünə səbəb olan vəzifəli şəxslərdən gedir.
Yeni qanuna görə, Maqnitskinin ölümündə günahkar olan məmurların siyahısı hazırlanacaq. Amma, bu siyahı ola bilsin ki, Amerikanın milli təhlükəsizlik maraqları baxımından ictimaiyyət üçün açıq olmasın.
2012-ci ilin iyulunda Rusiya müxalifətinin nümayəndələri Boris Nemsov və Harri Kasparov Amerika Konqresinə siyahıya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun, hakim Olqa Borovkovanın, mayın 6-da Bolotno meydanındakı qarşıdurma ilə bağlı yalan ifadə vermiş omonçuların, həmçinin Pussy Riot işini aparan müstəntiqin adının salınmasını təklif edib.Qeyd edilir ki, belə bir addım digər dövlətlərə də şamil olunacaq. Beləliklə qarşıda çətin anların olacağını indidən proqnozlaşdırmaq olar.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40