Danimarka şirkətləri Azərbaycana müasir texnologiya gətirirməyi və azərbaycanlı tərəfdaşlarla birgə İsmayıllı rayonunda hind quşu fabriki açmağı planlaşdırır.

Unikal.org xəbər verir ki, bu barədə martın 26-da etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Svend Ollinq məlumat verib.

Danimarka şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinə toxunan səfir ölkəsini təmsil edən şirkətin Azərbaycanın neft sektoruna sərmayə qoyduğunu, "Carlsberg şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayaraq hazırda ölkəmizin qida sənayesinə investor cəlb etdiklərini bildirib.

Ölkələrimiz arasında ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı müqavilənin imzalanacağını da bildirən danimarkalı diplomat əlaqələrimizin genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğulayıb.