Bu gün Azərbaycanda əhalinin sosial durumunun yaxşılaşdırılması üçün ciddi işlər görülməkdədir. Bu işin ciddiliyini artıran səbəblərdən biri də birinci vitse prezident Mehriban xanım Əliyevanın məhz sosial problemlərin həllinə diqqət ayırması oldu. Mehriban Əliyeva ilk müşavirəsini də məhz qaçqınlara həsr etdi. Bununla da sübut etdi ki, bu məsələlərə hökümətin diqqəti iki qat artacaq və yaxın illərdə mühüm problemlər aradan qaldırılacaq. Bununla yanaşı hazırda ölkədə özünüməşğulluq proqramının icrasına start verilib. 

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası olaraq, özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə (mal və materiallarla) təminatı işləri davam etdirilir. Bu günə olan məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 21 rayon üzrə 269 nəfər işsiz və işaxtaran şəxsə aktivlər alınıb verilib.Belə ki, Tərtər rayonu üzrə 18 nəfər, Laçın rayonu üzrə 12 nəfər, Hacıqabul rayonu üzrə 8 nəfər, Ağcabədi rayonu üzrə 15 nəfər, Beyləqan rayonu 14 nəfər, Xocavənd rayonu üzrə 10 nəfər, Bərdə rayonu üzrə 21 nəfər, Qəbələ rayonu üzrə 14 nəfər, Ağdam rayonu üzrə 32 nəfər, İsmayıllı rayonu üzrə 13 nəfər, Göyçay rayonu üzrə 11 nəfər, Ağsu rayonu üzrə 5 nəfər aktivlərlə təmin olunub. Həmçinin Yevlax rayonu üzrə 15 nəfərin, Füzuli rayonu üzrə 20 nəfərin Cəbrayıl rayonu üzrə 12 nəfərin, Saatlı rayonu üzrə 8 nəfərin, Biləsuvar rayonu üzrə 9 nəfərin, Şirvan şəhəri üzrə 12 nəfərin, Lerik rayonu üzrə 7 nəfərin, Yardımlı rayonu üzrə 5 nəfərin, Neftçala rayonu üzrə 8 nəfərin ailə bizneslərini qurmaları üçün mal və materiallarla təminatı həyata keçirilib. Vətəndaşlar verilmiş aktivlər hesabına əsasən kənd təsərrüfatı və xidmət sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdırıblar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi respublikamızın rayon və şəhərlərində işsiz və işaxtaran şəxslərin mal və materialların alınıb verilməsi işlərini davam etdirir. Yaxın bir neçə gündə daha 120 nəfərdən çox şəxsə mal və materiallar təqdim olunacaq. Ümumilikdə 1500 nəfərə yaxın şəxsin ailə bizneslərini qurmalarına imkan yaradacaq proqramın icrası işlərinin yaxın aylar ərzində tam başa çatdırılması planlaşdırılır. Özünüməşğulluq proqramına cəlb olunanlar 2016-cı ilin 01 aprel tarixinədək Məşğulluq Mərkəzlərində işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlardır. Onlardan özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən şəxslər biznesin təşkili ilə bağlı zəruri bilik və bacarıqlara yiyələnmək üçün iki aylıq təlim kurslarına cəlb olunublar. Kursları uğurla başa vuranların biznes-planlarının qiymətləndirilməsi zamanı həmin biznes-planlardan 80 faizi müsbət dəyərləndirilib. Uğurlu biznes-planların reallaşdırılması yolu ilə qeyd olunan şəxslərin ailə təsərrüfatlarını qurmaları, beləliklə, əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna şərait yaradılması üçün onların mal və materiallarla təminatı həyata keçirilir.Ümumilikdə götürəndə ötən il sosial problemlərin həllində ciddi naliyyətlər əldə olundu və strateji layihələrə start verildi. O cümlədən güzəştli şərtlərlə sosial evlərin tikintisi də gündəmə gətirildi. Artıq bu sahədə işlər davam etdirilir və plana uyğun olaraq bir neçə bina yaxınlarda təhvil veriləcək. Hazırkı duruma gəldikdə isə işlərin sürəti daha da artıb. 2017-ci ilin ilk aylarının yekunlarına dair statistik göstəricilər 2016-ci ili - qlobal iqtisadiyyat üçün çətin olan bir dövrü uğurla başa vuran ölkəmizin cari ildə artıq yeni inkişaf hədəflərinə doğru irəliləməkdə olduğunu göstərir. Ötən il makroiqtisadi sabitliyin təmin edildiyi ölkəmizdə artıq cari ilin yanvar-fevral aylarında iqtisadi artım qeydə alınıb - ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz, o cümlədən sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,0 faiz çoxalıb. Ən başlıcası, iqtisadiyyatın qeyri-neft sektorunun hesabına inkişafı yönündə növbəti irəliləyişlər əldə olunub. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Nazir diqqətə çatdırıb ki, cari ilin ötən dövründə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi işləri uğurla davam etdirilib: "Bu sahədə mühüm tədbirlərdən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmaları üçün aktivlərlə təminatına başlanması olub. Ötən ayın ortalarından bəri, yəni təqribən bir ay ərzində artıq 16 rayon üzrə 200 nəfərdən çox işsiz və işaxtaran şəxsə ailə bizneslərini qurmaları üçün mal və materiallar təqdim olunub. Hazırda bu işlər davam etdirilir və özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatlarını yaratmaq üçün aktivlərlə təmin olunanların sayı bu ayın sonunadək artıq 25 rayon üzrə təqribən 400 nəfərə çatacaq. Yaxın aylar ərzində isə poqramın yekunu olaraq 1500 nəfərin aktivlərlə təminatının tam yekunlaşacağı nəzərdə tutulur.
S.Müslümov bildirib ki, dövlət başçısının müvafiq Sərəncamları ilə bu ilin yanvar ayında əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi nəticəsində pensiyaçıların 94 faizinin (1 milyon 240 min nəfərin) pensiyasında artımlar edilib. Minimum əmək haqqının 116 manata çatdırılması ilə 146 min nəfər işləyən şəxsin əmək haqqı artırılıb, bununla sosial sığorta daxilolmalarının da təqribən 10 milyon manatdan çox artmasına imkan yaranıb: "Sosial-iqtisadi həyatın ayrılmaz hissəsi olan əmək bazarında sabitlik təmin olunur. Cənab Prezidentin tapşırığına uyğun olaraq, ötən il olduğu kimi, cari ildə də sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü nəticəsində dövlət təşkilatlarında iş yerləri yaradılmaqla, bu barədə nazirliyin məşğulluq orqanlarına vakansiyaların təqdim edilməsi prosesi davam etdirilir. Görülən işlər nəticəsində cari ilin yanvar-fevral aylarında nazirliyin məşğulluq orqanları tərəfindən 24,4 min nəfər işsiz və işaxtaran vətəndaşın məşğulluğu təmin olunub. Bu dövrdə məşğulluq orqanlarının xətti ilə 520 nəfər, nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 26 nəfər olmaqla 546 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.
S.Müslümov vurğulayıb ki, ümumilikdə cari il ərzində sosial cəhətdən həssas əhali qruplarının yaşayış səviyyəsi diqqətdə saxlanacaq, onların sosial müdafiəsinin gücləndirilməsi, habelə səmərəli məşğulluğun təmin olunması istiqamətində tədbirlər davam etdiriləcək: "Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, əmək münasibətləri, sosial yardım, əlilliyin qiymətləndirilməsi, sığorta-pensiya sistemi və s. sahələrdə aparılan islahatlar gözlənilən müsbət nəticələrini verərək, bu sahələrdə müasir və şəffaf xidmətlər şəbəkəsinin, səmərəli idarəçiliyin formalaşmasına imkan yaradıb. Ən başlıcası ictimai məmnunluğa səbəb olan bu islahat tədbirləri nazirliyin fəaliyyət sferalarında getdikcə daha da genişlənəcək.
Beləliklə gördüyünüz kimi artıq sosial problemlərin həlli lazımi şəkildə həyata keçirilir. Çünki bir tərəfdən Azərbaycanın bu ilki büdcəsi yenə sosialyönlü büdcə oldu, digər tərəfdən isə dünyada iqtisadi krizis olsa da prezidentin tapşırığı ilə sosial layihələrin icrasının dayandırılmasına imkan verilmədi. Bu isə o deməkdir ki, nəzərdə tutulan proseslər davam etdiriləcək. Ekspertlər bu qənaətdədir ki, bu il ölkədə demək olar ki, bütün qaçqınlar qəzalı binalardan çıxarılacaqlar. Həmçinin bu o deməkdir ki, yeni qəsəbələrin salınması prosesi davam etdiriləcək. Bu sahədə ilk addım isə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası prosesi oldu. Artıq kənddə yeni mənzillər, məktəb inşa edilməkdədir. Bu isə yüzlərlə qaçqının öz ev-eşiyinə qayıtması və sosial problemlərdən tam azad olunması deməkdir. Çox böyük ehtimal ki, digər bölgələrdə yaşayan qaçqınların bu il hamısının özünüməşğulluq layihəsinə qatılmaları da təmin ediləcək.
E.Əliyev