Hidayət Səfərli: "Cəbrayıllı məcburi köçkünlər də dövlət qayğısı ilə əhatə olunduqlarını hər zaman hiss edirlər
Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin erməni tərəfindən işğal olunması bir milyondan çox qaçqın və məcburi köçkünü ciddi problemlərlə üzləşdirdi. Ölkəmizin müxtəlif bölgələrində, çadır şəhərciklərində ağır sosial durumda yaşamağa məhkum olan bu insanlar tezliklə dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olundu.
AJB-nin üzvü, qabaqcıl təhsil işçisi, məcburi köçkün Hidayət Səfərli fikirlərini "Unikalla bölüşərkən deyib ki, Azərbaycan dövləti öz vətəndaşlarını bu ağır vəziyyətdən çıxarmaq üçün davamlı tədbirlər həyata keçirməyə başladı. Onun sözlərinə görə, hələ Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə qaçqınlara və məcburi köçkünlərə xüsusi qayğı göstərmiş, dəfələrlə onların məskunlaşdığı ərazilərdə olmuşdur: "O, 04 oktyabr 1998-ci ildə cəbrayıllı məcburi köçkünlərin sıx məskunlaşdığı Biləsuvar rayonu ərazisində salınmış 5 saylı çadır düşərgəyə səfər etmiş, 04 oktyabr 1999-cu ildə isə həmin çadır düşərgəsində iki Qarabağ əlilinin toy məclisində iştirak etmişdir. Hər iki səfər zamanı Ulu Öndər burada məskunlaşmış məcburi köçkünlərin ağır vəziyyətdə olan məişət şəraiti ilə tanışlıqdan sonra 20 min ailənin məskunlaşdığı bu çadır şəhərciklərinin ləğv edilərək əvəzində yeni qəsəbələr salınması barədə 13 may 2002-ci il tarixli 700 nömrəli Fərman imzalamışdır. Həmin Fərmana uyğun olaraq ilk dəfə Biləsuvar rayonu ərazisində cəbrayıllı məcburi köçkünlər üçün 2598 mənzildən ibarət bütün zəruri infrastrukturlarla təchiz olunmuş 6 qəsəbə salınmış və 2003-cü ildə 12 minə yaxın ailə bu qəsəbələrə köçürüldü. Ümummilli Lider bu insanların problemlərini özünün bir nömrəli problemi adlandırırdı: "Bizim ən əsas vəzifəmiz işğal olunmuş torpaqların hamısını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı, bacılarımızı, qardaşlarımızı öz doğma yerlərinə qaytarmaqdır.H.Səfərli qeyd edir ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də problemin həllini hər an diqqət mərkəzində saxlamış, çadır şəhərcikləri ləğv olunmuş, müxtəlif bölgələrdə məcburi köçkünlər üçün yeni, müasir tipli qəsəbələr inşa olunmuşdur: "Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2003-cü ildən bəri cəbrayıllı məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbələrə iki dəfə səfər etmişdir. İlham Əliyev cənabları 2003-cü il oktyabrın ayının 1-də Azərbaycan Respublikasının Baş Naziri kimi ilk dəfə Biləsuvar rayonu ərazisində cəbrayıllı məcburi köçkünlər üçün salınmış 2568 mənzildən ibarət 6 qəsəbənin açılışına gəlmiş, burada məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür. Cənab İlham Əliyev 18 aprel 2008-ci ildə cəbrayıllı məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində əlavə salınmış 1858 mənzildən ibarət 5 qəsəbənin açılışına gəlmişdir. Bir milyon iki yüz min nəfərə yaxın insanın sosial vəziyyətinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti çox ciddi tədbirlər həyata keçirmiş, məcburi köçkünlərin mənzillə təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün xüsusi dövlət proqramları qəbul olunmuşdur. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiqlənən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönələn çox əhəmiyyətli bir dövlət sənədidir. Dövlət Proqramının qəbulu bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə edilməsinə səbəb oldu. 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə proqrama edilən əlavələr bu kateqoriyadan olan insanların yeni mənzillərlə təminatında xüsusi mövqeyi ilə seçildi. Bu sahədə mövcud problemlərin həllini sürətləndirmək məqsədilə Prezident İlham Əliyevin məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında imzaladığı sərəncam qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında strateji əhəmiyyəti ilə diqqəti cəlb edir. Sənəddə deyilir ki, Azərbaycan Prezidentinin 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı və 31 oktyabr 2007-ci il tarixli sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş əlavələr uğurla icra olunmuşdur. Bu Proqrama uyğun olaraq ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 30 şəhər və rayonun ərazisində bütün sosial-texniki infrastruktura malik, sahəsi 1,5 milyon kvadratmetr olan 57 müasir qəsəbə və yaşayış kompleksi yaradılıb və 100 min nəfərdən çox insan yeni evlərə köçürülüb. Sərəncamların icrası nəticəsində 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb.Bu yaşayış məntəqələrinin hamısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Həmin yaşayış komplekslərinə çadır düşərgələrində, yük vaqonlarında, fin tipli qəsəbələrdə, məktəblərdə, yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda məskunlaşmış 23,5 min ailə köçürülmüşdür. Məcburi köçkünlərin məskunlaşdığı 7 çadır düşərgəsi, 12 fin tipli qəsəbə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə ləğv edilmişdir.Müsahibimiz onu da vurğulayıb ki, cəbrayıllı məcburi köçkünlər də bu dövlət qayğısı ilə əhatə olunduqlarını hər zaman hiss edirlər. Onun qənaətincə, 2003-cü ildə İmişlidə çadır şəhərciklərinin ləğvi və Biləsuvar rayonu ərazisində 6 yeni tipli qəsəbənin salınması və 2007-ci ildə Saatlı və Sabirabad rayonları ərazisindəki çadırların ləğvi və daha 5 yeni qəsəbənin istifadəyə verilməsi deyilənlərin bariz nümunəsidir. "Uzun müddət çadır həyatı yaşamış insanlar üçün bunun nə demək olduğunu onlar çox gözəl bilirlər.Mən özüm də dörd nəfərdən ibarət ailəmlə birgə Saatlı çadır şəhərciyində on dörd il çətin şəraitdə yaşamışam.Artıq on ilə yaxındır ki, 07 saylı köçkün qəsəbəsində müvəqqəti məskunlaşmışıq. İkiotaqlı evlə, həyətyanı sahə və əkin sahəsi ilə təmin olunmuşuq. Özüm və həyat yoldaşım qəsəbədə fəaliyyət göstərən məktəbdə müəllim işləyirik. İndiyədək bütün kommunal xərclərimiz dövlət tərəfindən ödənilib. Ən başlıca problemimiz qəsəbələrdə təbii qazın olmaması idi. Bu da elektrik enerjisi limitinin aşılmasına, tez-tez fasilələrin yaranmasına səbəb olurdu. Bu problem də nəhayət ki, öz həllini tapdı. Ötən il dekabrın sonunda cənab Prezident Biləsuvar rayonu ərazisindəki Cəbrayıl köçkün qəsəbələrinin qısa müddətdə təbii qazla təmin olunması tapşırığını verdi.Verilən tapşırıq qısa müddətdə - mart ayının 11-də başa çatdırıldı. Həmin gün 4 saylı qəsəbə klubu önündə qələbəlik var idi. Üzlərdən bir məmnunluq oxunurdu. Həmin tədbirin iştirakçısı olaraq müşahidə etdiklərim qürurverici idi: Ümumilikdə 4456 abonenti olan bu qəsəbələrin qazlaşdırılması üçün birpilləli sistem əsasında 200 min 555 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Abonentlərin hər biri üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Biz məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk.Qəsəbələrin təbii qazla təmin olunmasında əməyi olan hər bir kəsə, o cümlədən Azəriqaz İstehsalat Birliyinin əməkdaşlarına təşəkkür edirik. Görülən işlər bir daha onun əyani sübutudur ki, güçlü iqtisadiyyatı olan ölkə hər bir problemi qısa müddətdə aradan qaldırmağa qadirdir.Deməli, artıq torpaqlarımızı da düşmən tapdağından azad etməyə hazırıq. Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Bu əgər baş tutmasa, nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz buna əminik, - deyə H.Səfərli fikrini tamamlayıb.