Nazirlik: "Çoxuşaqlı ailələrə, övladını təkbaşına böyüdən atalara, sağlamlıq imkanı məhdud uşağa baxan analara müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün müəyyən sənədlər tələb olunur

Əhalinin aztəminatlı hissəsinin həyat səviyyəsinin yüksəldilməsi dövlətin prioritet siyasətidir. Bu səbəbdən də, ölkədə qayğıya ehtiyacı olan şəxslərə müavinət və təqaüdlər, kompensasiyalar təyin edilir. Bu kateqoriyaya çoxuşaqlı ailələr, övladını təkbaşına böyüdən atalar, sağlamlıq imkanı məhdud uşağa baxan analar daxildir. Bəs görəsən çoxuşaqlı analar, övladını təkbaşına böyüdən atalar, ailə başçısını itirən şəxslərə müavinət necə təyin edilir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sorğumuza cavab olaraq bildirdilər ki, sözügedən kateqoriyaya aid şəxslərə müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün müəyyən sənədlər tələb olunur: "Aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün növündən asılı olmayaraq şəxsin yaşını, yaşayış yerini və ailə vəziyyətini təsdiq edən sənədlər, yəni şəxsiyyət vəsiqəsinin surəti, doğum haqqında şəhadətnamənin surəti, ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı tələb olunur. Həmçinin ölkə başçısı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin, şəhid olanların, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl AES qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan 16 yaşadək, ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək uşaqlarına müavinət, əmək zədəsi və ya peşə xəstəliyinə görə ödəncin əvəzinə müavinət tətbiq edilir. Beşdən çox uşağı olan qadınlara müavinət, təqaüd və kompensasiya təyinatı istisna olmaqla əmək pensiyası almaq hüququnun olmaması barədə yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun rayon və şəhər şöbəsinin məlumatı tələb olunur. Müavinətin təyin edilməsi üçün şəxsin işləyib-işləməməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı və ya məşğulluq orqanlarının məlumatı da tələb edilir. Ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum olmasını təsdiq edən sənədin surəti mütləq təqdim edilməlidir.
Nazirlikdən bildirdilər ki, çoxuşaqlı analara yaşa görə müavinətin təyin edilməsi üçün qadının 3 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı olmalıdır. Eyni zamanda uşaqların doğum haqqında şəhadətnamələrinin surəti də tələb edilən sənədlər siyahısında olmalıdır. Bütün bu sənədlər yerində olduğunda həmin çoxuşaqlı anaya müavinət təyin edilir.
Sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara da qanunla müavinət verilməlidir. Nazirlikdən bildirdilər ki, bu müavinəti almaq üçün qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı tələb olunur. Bunun üçün uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış da gətirilməlidir. Uşağın doğum haqqında şəhadətnaməsinin surəti də müvafiq quruma təqdim edilməlidir. Uşaqlarını təkbaşına böyüdən atalara yaşa görə müavinətin təyin edilməsinə görə isə, atanın 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı təqdim edilməlidir. Bundan əlavə ananın ölüm haqqında şəhadətnaməsinin və ya analıq hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarının və uşaqların doğum haqqında şəhadətnamələrinin surəti də tələb olunur. Həmin atanın növbəti nikaha daxil olmaması barədə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsinin arayışı da verilməlidir. Qanunla beşdən çox uşağı olan qadınlar da müavinət almaq hüququna malikdir. Nazirlikdən sorğumuza verilən cavaba görə, bu müavinətin təyin edilməsi üçün uşaqların doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin surəti tələb edilir. Əlilliyə görə müavinətin təyin edilməsi üçün həmin şəxsə əlillik dərəcəsinin müddətini və səbəbini müəyyən edən tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış verilməlidir. Bu isə hərbi həkim komissiyasının qərarının surəti olmalıdır. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin təyin edilməsi üçün isə uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış olmalıdır. Nazirliyin hüquq şöbəsindən verilən məlumata görə, qanunla ailə başçısını itirməyə görə müavinət təyin edilməlidir. Bunun üçün ailə başçısının ölüm haqqında şəhadətnaməsinin surəti, vəfat etmiş şəxsin 8 yaşına çatmamış uşaqlarına baxan və işləməyən valideynin və ya digər qanuni nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti, eləcə də vəfat etmiş şəxsin 18 yaşına çatmamış əyani təhsil alanlar təhsilini bitirənədək, lakin 23 yaşdan çox olmamaqla uşaqlarının təhsil alması barədə arayış tələb olunur.Vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarının tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışı müvafiq quruma təqdim olunmalıdır. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına müavinətin təyin edilməsi üçün isə valideynlərin ölüm haqqında şəhadətnamələrinin surəti olmalıdır. Valideynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarının surəti, uşağın tam dövlət təminatında olmaması haqqında sosial xidmət müəssisəsinin arayışı, uşaqların doğum haqqında şəhadətnamələrinin surəti, qəyyumluğu təsdiq edən sənəd də bu siyahıya daxildir. Aztəminatlı ailələrin 1 yaşınadək uşaqlarına müavinətin təyin edilməsi üçün isə ünvanlı dövlət sosial yardımı almaq hüququnun olması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin müvafiq şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzinin məlumatı olmalıdır. Nazirlikdən bildirdilər ki, bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial müavinət və təqaüd sisteminə malik ölkədir. Hazırda respublikamızda əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara, müharibə veteranlarına, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına , habelə ailə başçısını itirməyə görə, 3 yaşınadək uşağa qulluğa görə, yaşa görə, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə, bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə və s. aylıq müavinətlər, təqaüdləri ilə təmin edilirlər.
Ümumilikdə ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 448 956 nəfərə aylıq və birdəfəlik sosial müavinət, 57 191 nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Prezidentin müvafiq fərmanları və sərəncamı ilə sosial müavinətlərin və təqaüdlərin 2016-cı ilin fevralından növbəti dəfə artırılması təmin edilib. Sosial cəhətdən həssas əhali qruplarının ehtiyac duyduqları sosial xidmətlərlə təminatı sosial müdafiə sisteminin əsas istiqamətlərindən biridir. Hazırda "Sosial xidmət haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 11 855 nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada, 1 102 nəfərə sosial xidmət müəssisələrində stasionar şəraitdə xidmətlər göstərilir.
Son illərdə sosial xidmətlərin də əhatə dairəsi xeyli genişlənib. Belə ki, nazirliyin sosial sifarişləri əsasında və müəyyən etdiyi prioritet istiqamətlər üzrə ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar da reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilirlər. Bu məqsədlə müvafiq layihələr çərçivəsində Bakıda və ölkənin regionlarında qayğı və reabilitasiya mərkəzləri yaradılaraq, qeyd edilən uşaqların ehtiyac duyduqları sosial xidmətlərlə təminatı həyata keçirilir. Cari ildə 2 min nəfərdən çox uşağa sosial sifarişlər üzrə icra olunan layihələr çərçivəsində səyyar formada sosial xidmətlər göstərilib. Müvafiq layihələr çərçivəsində onlara sosial-psixoloji yardımın göstərilməsi, sağlamlıq imkanları məhdud uşaqların Portec metodikası ilə sosial reabilitasiyası, onların psixo-sosial dəstəklə təmin edilməsi və s. istiqamətlərdə də işlər aparılır. Ümumilikdə, cari ildə 15 min nəfərə yaxın şəxs səyyar və stasionar formada sosial xidmətlərlə təmin edilib.

M.Eyvazlı