Nazirlik: "2017-ci ildə də "Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlara surdoloji xidmətlərin göstərilməsiməqsədilə layihələr həyata keçiriləcək
Azərbaycan dövləti ölkə üzrə aztəminatlı ailələr, sosial dəstəyə ehtiyac duyan təbəqə, əlillər, kimsəsiz uşaqlarla bağlı hər il müxtəlif layihələr həyata keçirir. Onların sırasına eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar, görmə imkanları məhdud şəxslər də daxildir. Hər il bu kateqoriyaya aid uşaqlara dəstək göstərilir, onların cəmiyyətdə sərbəst yaşaya bilməsi, özünü bu cəmiyyətin üzvü olaraq görməsi üçün xeyli sayda layihələr gerçəkləşir. Buna misal olaraq ötən il bu istiqamətdə gerçəkləşən xeyli sayda layihələri nümunə çəkmək olar. Məsələn, əvvəlki illərdə sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzi, görmə qabiliyyəti zəif olan uşaqlar üçün informasiya mərkəzləri fəaliyyətə başlayıb. Lənkəran, Yardımlı, Ağsu, Tovuz, Astara, Beyləqan, Yevlax, Qax, Ağcabədi, Qazaxda hər biri 30 nəfər uşağa sosial xidmət göstərən günərzi qayğı mərkəzləri yaradılıb.
"Sosial hüquqların araşdırılması İctimai Birliyindən (SHAİB) aldığımız məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin ayırdığı vəsait çərçivəsində "Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlara surdoloji xidmətlərin göstərilməsi adlı layihəsini həyata keçiriblər.Layihənin əsas məqsədi surdoloji xidmət mərkəzində eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqların informasiya almaq hüquqlarının təmin edilməsi ilə bağlı sosial reabilitasiya xidmətlərinin göstərilməsi, təhsildən yayınmış və oxuyub - yazmağı bacarmayan eşitmə və nitq qabiliyyəti olmayan uşaqları, eləcə də bu kateqoriyadan olan digər şəxslərin yazıb - oxumaq və jest dilində danışmaq bacarıqlarnı inkişaf etdirmək, surdo-tərcüməçi ixtisasının inkişaf etdirilməsi və genişləndirilməsi üçün təlimlərin təşkili, eşitmə və nitq qabiliyyəti olmayan uşaqların ailələrinin bilik və bacarıqlarının inkişaf etdirilməsindən ibarət olub. Layihə çərçivəsində "eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlardan sosial reabilitasiyaya daha çox ehtiyacı olanlarının müəyyənləşdirilməsi, sağlamlıq imkanları məhdud uşağa (eşitmə və nitq qabiliyyəti olmayanlara) surdoloji xidmətlərin (surdo-tərcümələrin edilməsi, təhsildən yayınan bu tipli uşaqlara yazmaq və oxumaq vərdişlərinin formalaşdırılması, informasiya xarakterli proqramların jestlər vasitəsilə tərcüməsinin təşkil edilməsi, həmin uşaqların valideynlərində jestlərlə danışmaq bacarıqlarının inkişaf etdirilməsi, surdo-tərcüməçi kadrların hazırlanması üçün təlimlərin təşkili, dövlət orqanlarında və digər qurumlarda təmsilçiliyin edilməsi və s. ) və sosial reabilitasiya xidmətlərinin göstərilməsi; hədəf qrupuna daxil olan SİMU-da ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyası üzrə məşğələlər keçirmək və onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etmək; surdo-tərcüməçi ixtisası üzrə kurslar təşkil etmək; jest dilinin dövlət tərəfindən inkişaf etdirilməsi üçün təkliflərin hazırlanması; eşitmə və nitq qabiliyyəti olmayan uşaqların valideynlərinə sosial - hüquqi xidmətin göstərilməsi və onlarla jest dilinin inkişafı üzrə treninqlərin təşkili və uşaqlarının gələcək peşə hazırlıqları ilə bağlı məlumatlılığının artırılması kimi işlər görülüb.
Bəs görəsən bu il necə, dövlət sadaladığımız qayğıya ehtiyac duyan insanlara dəstək, onların cəmiyyətə inteqrasiyası üçün hansı işləri görəcək?
Sualımızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babaev bildirdi ki, artıq 2017-ci il üzrə sosial sifarişlər üçün müsabiqələrin keçirilməsinə start verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənəti növlərinin öyrənilməsinə yardım göstərilməsi, "Sağlamlıq imkanları məhdud uşaqlar üçün ailə tipli kiçik qrup evlərin fəaliyyətinin təşkili və "Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlara surdoloji xidmətlərin göstərilməsiadlı müsabiqələr keçirir. Müsabiqə bu ilin mart ayının 14-də keçiriləcək: " "Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənəti növlərinin öyrənilməsinə yardım göstərilməsi adlı müsabiqənin keçirilməsində əsas məqsəd görmə imkanları məhdud şəxslər üçün televiziya, kino, teatr, idman proqramları və muzeylərin müyəssərliyinin təmin edilməsi, görmə imkanları məhdud şəxslərin hazırlanmış məhsulları( film, teatr, idman yarışması, muzey) izləyərkən digər şəxslərə mane və heç bir şərhə ehtiyac olmadan baş verən hadisələri tam şəkildə mənimsəməsi, görmə imkanları məhdud şəxslərin proqramları sərbəst şəkildə izləməsi onların cəmiyyətə inteqrasiyasını və dünya görüşlərinin artırılması, görmə imkanları məhdud şəxslərdən ibarət teatrın yaradılması yolu ilə onların teatr sahəsinə inteqrasiya olunması, Avropada geniş yayılmış tifloşərh sahəsinin Azərbaycanda geniş tətbiqi üçün işlərin aparılmasından ibarətdir."Sağlamlıq imkanları məhdud uşaqlar üçün ailə tipli kiçik qrup evlərin fəaliyyətinin təşkili adlı müsabiqənin keçirilməsində əsas məqsəd isə valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş sağlamlıq imkanları məhdud uşaqlar üçün ailə tipli kiçik qrup evlərin yaradılması, həmin uşaqlara gündəlik inkişaf xidmətlərinin göstərilməsi, onlara psixoloji dəstəyin və məsləhətlərin verilməsi, həmin uşaqlar üçün hüquqi müvəkkilliyin təmin edilməsi, həmin uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklər vasitəsilə özünəxidmət bacarıqlarının artırılması və təxəyyülün inkişaf etdirilməsi, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, kiçik qrup evə cəlb edilən uşaqların vaxtının səmərəli təşkili məqsədi ilə müxtəlif tədbirlərin həyata keçirilməsi, kiçik qrup evin işçilərinin təlimləndirilməsi, 2017-ci il ərzində 6 sağlamlıq imkanları məhdud uşağa xidmətin göstərilməsindən ibarətdir.
"Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlara surdoloji xidmətlərin göstərilməsi adlı müsabiqənin keçirilməsində əsas məqsəd 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşaqlara (lal- kar və zəif eşitmə qabiliyyəti olanlara ) surdoloji reabilitasiya mərkəzinin fəaliyyətinin təşkil edilməsi, həmin uşaqlara sosial reabilitasiya xidmətlərinin göstərilməsi, surdoloji reabilitasiya mərkəzi işçilərinin təlimləndirilməsi, lal-kar və eşitmə qabiliyyəti zəif olan uşaqların ailələrinin bilik və bacarıqlarının inkişaf etdirilməsi, 2017-ci il ərzində azı 100 nəfər sağlamlıq imkanları məhdud uşağa(lal- kar və zəif eşitmə qabiliyyəti olanlara) surdoloji xidmətlərin (surdo-tərcümələrin edilməsi, təhsildən yayınan bu tipli uşaqlara yazmaq və oxumaq vərdişlərinin formalaşdırılması, informasiya xarakterli proqramların jestlər vasitəsilə tərcüməsinin təşkil edilməsi, həmin uşaqların valideynlərində jestlərlə danışmaq bacarıqlarının inkişaf etdirilməsi, surdo-tərcüməçi kadrların hazırlanması üçün təlimlərin təşkili, dövlət orqanlarında və digər qurumlarda təmsilçiliyin edilməsi və s.) və sosial reabilitasiya xidmətlərinin göstərilməsi, 100-dək valideynə sosial - hüquqi xidmətlərin göstərilməsindən ibarətdir.
E. Babayev bildirdi ki, bu müsabiqədə iştirak haqqı yoxdur: "Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Maraqlanan təşkilatlar müsabiqələrin əsas şərtlər toplularını və texniki tapşırıqlarını əldə etmək üçün Bakı şəhəri, Salatın Əsgərova küçəsi 85 ünvanına yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün təqdim olunacaq sənədlərə gəlincə, bununla bağlı nazirliyin müəyyən tələbləri var. Belə ki, müsabiqəyə qatılan təşkilatın ümumi meyarlara uyğunluğunu təsdiqləyən, onun tam adı, hüquqi statusu, rekvizitləri, nizamnaməsi, dövlət qeydiyyatı haqqında, uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında, vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamələri olmalıdır. Həmçinin əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi, lisenziyalar yaxud patentlər, şəhadətnamələr, sertifikatlar, diplomlar (notarial qaydada təsdiq edilməklə), müsabiqə qaydalarına əlavələrə uyğun olaraq, göstərilən xidmətlərin siyahısı öz əksini tapmalıdır. Eləcə də texniki xüsusiyyətlərinin təsviri, sosial xidmət növü üzrə tam və ya qismən ixtisaslaşması, sosial xidmət sahəsində yerinə yetirdiyi xidmətlər və müqavilələr, həmçinin bu məlumatları əldə etmək məqsədi ilə müraciət edilə biləcək şəxslərin əlaqə məlumatları, sosial xidmət sifarişi üzrə müqavilənin yerinə yetirilməsinə rəhbərlik edən və texniki işləri yerinə yetirən işçilərin ixtisası və təcrübələri haqqında məlumat da göstərilməlidir. Bunlarla yanaşı onların müvafiq təlim proqramlarında iştirakını təsdiqləyən sənədlər diplom və sertifikatların surətləri, təşkilatların qiymət təklifi ən azı 30 bank günü qüvvədə olmalıdır. Təklif edilən xidmət dəyərinin 2% həcmində bank təminatı da ən azı 60 bank günü qüvvədə olmalıdır. Azərbaycan Respublikasında vergi və məcburi dövlət sosial sığorta ödənişlərinə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarının arayışları, təşkilatın son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti mənfəət vergisi bəyannaməsi də qaydasında olmalıdır. Təşkilatın son bir ildəki maliyyə vəziyyəti dövriyyə haqqında bank arayışı və müsabiqələrin əsas şərtlər toplularına əlavələrə uyğun tələb olunan məlumatlar da qeyddə göstərilməlidir. Bu tələblərə cavab verən təşkilatların nazirlikdən maliyyə alaraq sadaladığımız layihələri gerçəkləşdirməsi mümkündür.
Mələk Eyvazlı