Elçin Şıxlinski: «AzTV öz sahəsində flaqmandır»
Ataların gözəl misalı var: «bu meydan, bu şeytan». Amma bu məsəli neçə illərdir ki, AzTV-yə qarşı kanalizasiya məzmunlu ifrat təbliğat kampaniyası aparan Qulu Məhərrəmli tərsinə anlayıb. Çünki hazırda o, məhkəmə perspektivinin qorxusundan «kef» dostlarını köməyə çağırmaqla məşğuldur. Amma «oğrunun bağırtısı» göz qabağında olduğundan, dostların «dəstəyi» də eybəcər təəssürat yaradır. Məsələn, fəaliyyətini dayandırmış «Zerkalo-Ayna» qəzetinin baş redaktoru Elçin Şıxlinski hesab edir ki, Qulu Məhərrəmlinin ən ağır cəzası düz bir ay sərasər AzTV-yə baxmaq ola bilər.
İngilislərdə bir «qızıl» qayda var. Fikirlərin elə dəqiq və prinsipial olmalıdır ki, 10 və ya 20 ildən sonra cəmiyyət qarşısında dəyişkən mövqe sahibi kimi tanınmayasan. Çünki istənilən an həmin fikirlər bumeranq kimi özünə qayıda bilər. Odur ki, ingilis dili mütəxəssisi olan Elçin Şıxlinskidən də soruşmaq yerinə düşər ki, əgər AzTV-yə baxmaq cəza növüdürsə, həmin kanalın veriliş və proqramlarında niyə çıxış edirdin? Maraqlıdır ki, E.Şıxlinski hətta AzTV-nin «Mən də uşaq olmuşam» adlı verilişində iştirak etməyi özünə şərəf bilmişdi. Yaxud yaxın keçmişdə AzTV-ni «teleməkanın flaqmanı» adlandıran siz deyildinizmi, cənab eks-baş redaktor?
«TVplyus»un 2008-ci il noyabr tarixli xüsusi buraxılışında Elçin Şıxlinski məhz belə demişdi: «İlk növbədə qeyd edim ki, AzTV öz sahəsində flaqmandır. İnanıram ki, Azərbaycan teleməkanında peşəkarlıq baxımından nə yenilik olacaqsa, hansı yeniliklər tələb olacaqsa, AzTV bunu ilk olaraq çiyinlərinə alan telekanal olacaq. Mən AzTV-nin yeni rəhbərliyini peşə nöqteyi-nəzərindən yaxşı tanıyıram. Hesab edirəm ki, bu rəhbərlik həm də menecment baxımından güclü rəhbərlikdir».
Xatırladaq ki, həmin dövrdə AzTV rəhbərliyi onun «dostu» Qulu Məhərrəmli ilə düz bir ildən artıq idi ki, yollarını ayırmışdı. Digər tərəfdən maraqlıdır, görəsən, Qulu Məhərrəmli kanalizasiya məzmunlu ifadələrini Elçin Şıxlinski və onun kimilərinin ünvanına səsləndirsəydi, baş redaktor sakitcəsinə AzTV-yə baxmaq kimi «cəza» növü axtarışına çıxar və bunu əyləncə kimi «feysbuk» səhifəsində paylaşmaqla məşğul olardımı? Adama deyərlər, nədən qorxursunuz? Plagiatorluğu sübuta yetirilmiş dostunuz haqlıdırsa, məhkəməyə görə ağsaqqallı-qarasaqqallı özünüzü ucuz çömçə kimi ortaya niyə atmısınız?