Bu il yenidən qurulması nəzərdə tutulan kənd və qəsəbələrarası avtomobil yolları layihələri çərçivəsində "Azəravtoyol ASC tərəfindən Hacıqabul rayonu, Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi işlərinə start verilib.

ASC-dən unikal.org-a verilən məlumata görə, layihə çərçivəsində hazırda sözügedən avtomobil yolunda torpaq işləri aparılır, yol yatağı inşa olunur.

Uzunluğu 51,5 km uzunluğunda olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur. Tikinti işləri çərçivəsində yolun çiyinlərinin hər bir istiqamət üzrə eni 2 metr, 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni isə 6 metr təşkil edəcək. Yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə isə 300 min kvadratmetr ərazinin asfaltlanması işləri aparılacaq.

Yenidən qurulan avtomobil yolunda hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə 290 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, 145 km uzunluğunda xətlənmə işləri aparılacaq və təhlükəsizlik dirəkləri quraşdırılacaq. Eyni zamanda suların ötürülməsi üçün 15 yerdə ümumi uzunluğu 300 metr və 1 metr diametrində olan dəmir-beton borular da quraşdırılacaq.

Qeyd edək ki, Hacıqabul rayonu, Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi 5 yaşayış məntəqəsinin 18,7 min əhalinin gediş-gəlişini xeyli yaxşılaşdıracaq, vətəndaşların yetişdirdikləri məhsulları bazarlara daşımasını asanlaşdırmaqla sözügedən ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.