Deputatlar Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadənin Azərbaycan himni ilə bağlı səsləndirdiyi tənqidi fikrə münasibət bildirib. 
 
Bu barədə unikal.org-a danışan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, deputat həmkarı indiyədək heç zaman ağıllı fikirlər səsləndirməyib: "Ondan indiyənədək ağıllı, milli kökə söykənən hərəkət, davranış, söz eşitməmişəm. Siz də eşitmisinissə deyin? O hər zaman məsələlərə bu cür "münasibət" sərgiləyibdir. Bu da onun növbbəti "yanaşmalarından" biridir".

Oğlunun toyunda "vağzalı" deyil, Azərbaycan himni səsləndirən Millət vəkili Fərəc Quliyev həmkarının fikirinə şərh vermək istəmədiyini və deputatın istədiyi fikri səsləndirə bilməsini qeyd edib: "Amma deputat da nəzərə almalıdır ki, təmsil elədiyi millətin atributlarına hörmətlə yanaşmalıdır. Hesab edirəm ki, Azərbaycan himni hətta Araz bəyin dediyi kimi zəif olsaydı belə, amma bu atributdur milləti və dövləti təmsil edir. Himnimizlə qürur duymağa dəyər. Mənə gəldikdə isə, hesab edirəm ki, Azərbaycan himni sözləri və musiqisi çox gözəldir. Sözləri və musiqisinə görə bəlkəm də dünyanın ən gözəl himnidir. Çağırış etmək istəyirəm ki, millətimizin hər nəyi varsa onu sevə-sevə bağrımıza basmağı bacarmalıyıq. Bütün atributlarımıza hörmət etməyi və qarşısında baş əyməyi bacarmalıyıq".
 
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Araz Əlizadəyə etiraz edib. O, Modern.az saytına deyib ki, Azərbaycan himninin sözləri kifayət qədər qiymətli və güclü ideya, fikirlərlə zəngindir.

"Himnimizin musiqisində və sözlərində adamı ağlamağa vadar edən heç bir şey yoxdur. Himnin musiqisi də kifayət qədər təmtəraqlıdır. Kim özü himnə necə yanaşırsa, bu cür də anlayır. Şəxsən mən Azərbaycan himnini ağlamalı bir əsər kimi yox, vətənpərvərlik, mərdlik nümayiş etdirən bir əsər kimi qiymətləndirirəm. Hansı dövlətin himnində bu qədər gözəl sözlər, fikirlər var?".

Sərdar Cəlaloğlunun fikrincə, Araz Əlizadənin himnə qarşı çıxması dövlətçiliyin əleyhinədir.

"Dövlət himninin bu cür müzakirəyə çıxarılması və təhqir olunması yolverilməzdir. Bu, dövlətçiliyə ziddir. Azərbaycanın himni, gerbi, bayrağı varsa, bu cür müzakirəyə çıxarması, təhqir etməsi, şübhə altına alması yolverilməzdir".
 
Xatırladaq ki, Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə unikal.org-a bildirib ki, Üzeyir Hacıbəyov himnimizi  mərsiyyə kimi yazıb: "Azərbaycan Demokratik Respublikasının baniləri tələm-tələsikdə musiqiyə sözlər uyğunlaşdırdılar. Dünyada yeganə ölkəyik ki, bizim himinimiz minordur. Bütün dünyada himnlər majordadır. Yəni majorda olan himnlər ruh yüksəkliyi gətirir. Bizim himnə qulaq asanda adam istəyir əlinə dəsmal alıb ağlasın".
 
Amid Əyyuboğlu