Gənc yaşda vəfat edən Azərbaycan bəstəkarının doğum günüdür.
Unikal.org xəbər verir ki, Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu ildə aprelin 5-i Dərbənddə doğulmuşdur. 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirmişdi. 1929-1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləmişdir. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olmuşlar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.
O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələmiş, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoymuşdu. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota almışdır. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur.
Asəf Zeynallı 1932-ci 27 oktyabr-da yaradıcılığının inkişaf etdiyi bir dövrdə, 23 yaşında ağır xəstəlikdən vəfat etmişdir. Bakı musiqi kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.
Asəf Zeynallının Bakıda yaşadığı evi
Azərbaycan milli konservatoriyası nəzdində Asəf Zeynallı adına Musiqi Kolleci