Bu günlərdə xalq artisti, sevilən sənətçi Könül Xasıyevanın ağır xəstəliyə dücar olması ilə bağlı xəbər hər kəsi sarsıtdı. Məşhurun "whatsappda yazdığı statusu isə şübhələri daha da artırdı:
"Allahım, sən böyüksən. Heç bir valideyni övladı qarşısında aciz buraxma. Məni və sənətimi sevənlər, dualarınıza ehtiyacım var. Onunla əlaqə saxladıq. İllərin sənətkarı şəxsi həyatı və problemləri ilə gündəmə gəlmək istəmədiyini israrla bildirdi. Çox çətinliklə də olsa, xalq artistini Yeniçağ.az-a müsahibə verməyə razı sala bildik.
Unikal.org həmin müsahibəni təqdim edir:
- Könül xanım, haqqınızda yayılan xəstəlik xəbəri bizi çox üzdü-¦ Həqiqəti bilmək istəyirik, xəbər doğrudurmu?
- Əvvəla onu deyim ki, saytların birində məni əməkdar artist kimi təqdim etmişdilər. Mən həmin jurnalistə heç jurnalist demirəm. Çünki adamın xəbəri yoxdur ki, mən əməkdar yox, xalq artistiyəm. Qaldı ki, yazılanlara, o başlıqdan sonra mən heç o yazını oxumadım da.
- Deyirsiniz yəni, xəbər yalandır?
- Mən xoşlamıram belə xəbərləri. İnsanam, daşdan-dəmirdən deyiləm, siz özünüz, bəyəm problemsiz yaşayırsınız? Həyatda problemsiz insan yoxdur. Əgər insanıqsa, xəstələnəcəyik də, problemlərimiz də olacaq. Bu, təbiidir, şişirdib tirajlamaq nə dərəcədə düzgündür? Mənim milyonlarla sevənim var, onları üzmək nəyə lazımdır axı? Bu gün kimlərinsə əli çatır, mənimlə danışır, əli çatmayanlar mənimlə danışa bilmir. Onlar narahat olurlar. Hansı haqla, hansı ixtiyarla mənim sevənlərimi üzürlər? Hər kəsi öz vicdanı ilə baş-başa buraxıram. Allahın mənə verdiyi bu ömür möhlətində xəstələnmişəm də, sağalmışam da. Bu, mənim şəxsi həyatıma aid olan məsələdir, öz problemimdir və özümə aiddir. Heç kimə də ixtiyar verməmişəm ki, şəxsi həyatımı, problemlərimi mediada işıqlandırsın. Bütün efirlər də üzümə açıqdır, media da, əgər lazım olardısa, efirə çıxıb öz xəstəliyim barədə insanlara məlumat verərdim.
- Könül xanım, axı özünüz də bu barədə "whatsappda yazmışdınız ki, dualarınıza ehtiyacım var-¦
- Mən öz çevrəmdə olan və ürəyimə yaxın bildiyim insanlar üçün bu sözləri yazmışdım ki, dualarınıza ehtiyacım var. Kimsə biriylə söhbət edib, ya da yazdıqlarımı kiməsə göstərib, dəqiq bilmirəm, başlayıblar bunu yaymağa.
- Axı sosial şəbəkədə də öz profilinizdən bu xəbər yayılmışdı.
- Mən heç bir sosial şəbəkədə yoxam. Adıma olan o səhifələrin heç biri mənim deyil. Ola bilər ki, kimsə mənim sosial şəbəkə istifadəçisi olmamağımı keylik kimi qəbul edə bilər. Bir dənə "whatsapp işlədirəm, o da özümə yaxın insanlara aiddir. Əgər bu keylikdirsə, qoy belə də qəbul etsinlər. Allah heç kimə ixtiyar verməyib ki, insanlar kiminsə hissləri ilə oynasın, problemləri ilə başqalarını narahat etsin.
- Əslində o yazıdan sonra insanlar sizə dua etməyə başladılar, bilirsiniz ki, jurnalistlər bu yazını reytinqdən çox sizə olan sevgisindən yazmışdı-¦
- Əli çatan insanlar yazdılar, göz yaşları tökdülər. Mən yenə də deyirəm, problemim özümə aiddir.
- İndi necəsiniz?
- Mən 17 ildir ki, bu problemlə yaşayıram, heç yerdə də bunu deməmişəm. İnşallah, yaxşı olaram, sağalaram, yenə də səhnələrə qayıdaram. Mənim qazancım ancaq səsimdən çıxır. İşim oxumaqdır, xanəndəlikdir.
Şükür Allaha, səsiniz yaxşı gəlir, deyəsən yaxşısınız.
- Yaxşı olan heç nə yoxdur, canım mənim. Amma mənim yaxşı olmamağımı efirə çıxarıb, mətbuatda yayıb, insanları narahat etməyin.
- Axı insanlar xəstə olmağınızdan xəbərdar olmalıdır ki, sizə də dualar etsinlər. Özünüz söyləyirsiniz ki, o dualara ehtiyacınız var-¦
- Statuslarımda da deyirəm, dualarınıza ehtiyacım var. Allaha inanan bir insan kimi inanıram ki, o dualar məni əvvəlki sağlamlığıma qovuşduracaq. Yenə də sənətimə davam edəcəm.
- Sevənlərinizə burdan səslənib nə demək istəyirsiniz?
- Sevənlərimə bir sözüm var; üzülməsinlər. Onları üzən insanlara inanmasınlar. Xəstəlik insan üçündür. Sadəcə olaraq, mən xəstəliyin ağır formasını yaşayıram. Vəssalam. Onda da beləydim, depressiya yaşadım, saçım, dişim töküldü, gözlərimdə bir həyəcan, qorxu oldu. Onda da insanların duası ilə ayağa qalxdım. İndi də bu dualara inanıram.
- İnşallah ki, bu dəfə də o dualar sizi ayağa qaldıracaq. Bir dəfə efirdə demişdiniz ki, illər əvvəl depressiya yaşamışdınız, bəs indi hansı xəstəlikdən əzəiyyət çəkirsiniz?
- Elə yenə də həmin depressiyadır, sadəcə olaraq ağırlaşmış formasıdır. Efirlərə çağırdılar ki, gəl danış, hər kəsin bu barədə xəbəri olsun, dedim nigaran qalmayın. Bu xəbər yayılandan sonra İran, Danimarka, İsveç, Türkiyə, Rusiya və digər xarici ölkələrdə yaşayan azərbaycanlılar nömrəmi tapıb, göz yaşları içində mənimlə danışdılar. İkinci dəfə stress keçirtdim. Xəbər mənə çox pis təsir etdi. O yazılanlar məni üzdü. Adamlar mənə zəng eləyir ki, sizin səsinizlə ağır xəstəlikdən xilas olmuşam, səsinizin sədası altında ağır əməliyyata girmişəm, səsinizlə müalicə olunmuşam. Mən onların üzülməsinə görə üzüldüm.
- Könül xanım, pərəstişkarlarınız qədər jurnalistlərin də sizə sevgi və hörməti böyükdür.
- Mən problemimlə baş-başayam, sevənlərimin dualarına inanıram. Özümdə güc tapıb, ayağa qalxacam. Xalqımıza uzun ömür, cansağlığı arzulayıram. Sənətimi yüksək tutduqlarına görə qarşılarında baş əyirəm.
- Müalicə alırsınızmı?
- 17 ildir.
- İndi də?
- Bəli.
- Bizim əvəzimizdən o gözəl övladınızın üzündən öpərsiz.
- Allah bütün balalara kömək olsun içində də mənim balama. Mən yenə də deyirəm ki, onsuz da efirdə görünməməyim insanlara bir şey deyir. Yalandan desəm hər şey yolundadır, onları aldatmış olaram. Bunu elə formadan yazmaq lazımdır ki, insanlar üzülməsin. Bizim səhnədən dahi sənətkarlar keçib. Hər kəs xəstələnib də, ağır duruma da düşüb. Xəstəlik hamı üçündür.
- Dediniz ki, xəstəlik zahiri görünüşünüzə təsir edib?
- Əlbəttə, kim olsa təsir edər.
- İnşallah, yaxın zamanlarda sizə zəng edib, müsahibə almaq istəyəndə "artıq yaxşıyam, dualarınız məni ayağa qaldırdı kəlməsini eşidəcəm-¦
- Yaxşı olsam, bunu görəcəksiniz.