Oğurluqda ittiham olunan xalq artisti Ramiz Məmmədov yaradıcılığından, şəxsi həyatından və son dövrlər adının hallandığı oğurluq hadisəsindən danışıb.
Unikal.org-un lent.az-a istinadən məlumatına görə,aktyor bildirib ki, o, şər-böhtanla üz-üzədir:
"Mən bu məsələyə görə çox təəccüb hissi keçirdim. O insanlar bilmədən öz savadsızlıqlarını nümayiş etdirdilər. Bir insan oğurluqla, yerdən bir əşyanı tapmağı ayıra bilmirsə, mən başqa nə deyə bilərəm?! Bunu gərək bilərdilər, araşdırardılar. Hər kəsin gəlib nəsə ittiham etməsi düzgün deyil. Bu, səhv və savadsızlıqdır. Hüquqi məsuliyyət daşıyanlar ittiham edə bilər. Cinayətkarı ittiham edərlər, cinayəti olan yerdə. Cinayət olmayan yerdə kimsə durub kimisə ittiham edir, onu da götürüb telekanalda verirlər. Bununla da millətin qarşısında savadsızlıqlarını nümayiş etdirdilər.
Aktyor onu da deyib ki, son dövrlər yaranan bu xoşagəlməz söz-söhbətlər onun nüfuzuna xələl gətirə bilməz: "Bu olanlar mənim nüfuzuma təsir edə bilməz. Əksinə, çoxsaylı insanlar mənə zəng etdi, dəstək oldu. Dedilər, Allah sənə səbir versin. Bəziləri mənə kömək etmək istədiklərini söylədilər. Dedim ki, heç nə lazım deyil, onlar Allahın qarşısında cavab verəcəklər. Sadəcə geci-tezi var. Yəni şər atmaqla, yalan danışmaqla iş bitmir ki... Yalan ayaq açar, amma yeriməz. Vaxt gələcək, onlar tutduğu əməllərdən, söylədikləri yalanlardan özləri peşman olacaqlar. Onu da Allah bağışlayar, bağışlamaz, onu bilmək olmaz.
R.Məmmədov bildirib ki, bu mövzuya görə polislərlə də danışmalı olub: "Polislər də bu məsələni araşdırdı. Nizami rayonu Polis bölməsində bir müstəntiqlə danışdım. Dedilər ki, Ramiz müəllim burada bir şey yoxdur. Narahat elədik sizi. Bağışlayın, burada heç bir əsas yoxdur. Mən əyilib yerdən nəsə götürmüşəmsə, bu o demək deyil ki, kiminsə sırğası, saatı və boyunbağısıdır. Tapdığım əşyanı ev yiyəsinə vermişəm. Burada nə var ki? Bax, məsələ belə olub. Bunu böyütmək lazım deyil.
Qeyd edək ki, hadisə 5 ay öncə olub. Bakı sakini Südabə Zalova şadlıq evində üst geyimini çıxardan zaman sırğasını itirdiyini və həmin zinət əşyasını R.Məmmədovun oğurladığını iddia edir.