Bəşər Əsədin işi nə vaxt bitəcək?
12:59 12-07-2012
İQTİSADİYYAT
Bəşər Əsədin işi nə vaxt bitəcək?
Səudiyyə Ərəbistanı və Qətərin Türkiyəni Suriya ilə konfliktə çəkmək istədiyi iddia edildi
Rusiya BMT-nin Təhlükəsizlik Şurasına Suriyaya dair qətnamə layihəsi təqdim edib. Qətnamə layihəsində Suriyadakı BMT müşahidəçilərinin missiyasının daha 3 ay uzadılmasına çağırılır.
Bu, müşahidəçilərin öz missiyalarını mövcud olmayan atəşkəsin müşahidəsindən münaqişənin siyasi həll yolunun axtarılmasına keçirməsi üçün təklif olunur. Suriya məsələsində üzvləri arasında fikir ayrılığının olduğu BMT-nin Təhlükəsizlik Şurası beynəlxalq müşahidəçilərin Suriyadakı fəaliyyətinə dair iyulun 20-dək qərar verməlidir. Həmin gün müşahidəçi qrupunun 90-günlük mandatı başa çatır.
Dünən isə BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi səfiri Kofi Annan Təhlükəsizlik Şurası qarşısında çıxış edərək, öz fəaliyyəti barədə məruzə edib. Kofi Annan Suriyadakı iğtişaşların tənzimlənməsinə və sülhün bərqərar edilməsinə dair yeni planını da təqdim edib, amma günün sonunadək həmin planın detalları açıqlanmamışdı. Bəzi mənbələr isə Kofi Annanın öz təşəbbüslərinə son verdiyini elan edəcəyini gözləyirdi.
Mütəxəssislər isə ehtimal edirlər ki, Rusiyanın təklif etdiyi qətnamə layihəsi münaqişənin diplomatik yolla yanaşı, hərbi müdaxilə yolu ilə həllində təkid edən ABŞ və Avropa liderlərini razı salmayacaq. ABŞ, bununla belə, hərbi müdaxilə və yeni insan tələfatına deyil, sanksiyaların tətbiq edilməsinə çalışdığını bəyan edir.
Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya və Çin daha əvvəl bir neçə dəfə bu qurumun Suriya prezidenti Bəşər Əsədin istefasını tələb edən və ölkəyə hərbi müdaxiləyə əsas verəcək qətnamələrə veto qoymuşdu.
Dünən həmçinin bildirilib ki, Rusiyanın xarici işlər naziri Serqey Lavrov yenidən Moskvada Suriya müxalifətinin nümayəndələrini qəbul edəcək. Sonuncu analoji görüş 2 gün əvvəl baş tutmuş, Suriya müxalifətinin nümayəndələri Rusiya hökumətindən Suriyaya dair mövqeyini dəyişməyi xahiş etmişdi.
Dünən o da məlum olub ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
XİN-dəki mənbənin məlumatında Türkiyə baş nazirinin səfərinin iyulun 18-də gerçəkləşəcəyi bildirilib. Səfər zamanı Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi, Suriya konflikti başda olmaqla, regional münaqişələri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyi bildirilib.
Ərdoğanın Moskva səfəri zamanı Putinlə Suriya tərəfindən vurulan Türkiyə hərbi təyyarəsi və Suriyada rejim dəyişikliyi barədə fikir mübadiləsi aparılacağı bildirilib. Diplomatik mənbənin bildirdiyinə görə, Rusiya vurulan Türkiyə hərbi təyyarəsi ilə bağlı məlumatları Türkiyə tərəfinə verəcək.
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun da Ərdoğanı müşayiət edəcəyi və rusiyalı həmkarı Sergey Lavrovla təkbətək görüş keçirəcəyi bildirilib.
Bu arada belə bir iddia ortaya atılıb ki, Səudiyyə Ərəbistanı və Qətər Türkiyəni Suriya ilə konfliktə çəkmək istəyir ki, birincinin İraqdakı təsirini azaltsın. Amma Ankara hələlik Dəməşqə qarşı hərbi əməliyyatlardan uzaq durur. Belə bir qənaətə isə Qloballaşma və Sosial Hərəkat İnstitunun beynəlxalq siyasət mərkəzi gəlib.
Mərkəz hesab edir ki, hazırda NATO-nun Suriyaya birbaşa müdaxiləsi dünya və Avropa iqtisadiyyatında böhranın müşahidə edilməsi səbəbindən mümkünsüzdür. Qurum Şimali Atlantika Alyansı liderlərinin Bəşər Əsəd rejiminə qarşı sərt bəyanat səsləndirmələrinə diqqət yetirir və bunun məhz Türkiyənin aktivliyinin artırılmasına hesablandığına diqqət çəkərək mövcud üsulla Suriya rejiminin ətraf aləmdən təcridinə cəhd göstərildiyini vurğulayır. "Dünya iqtisadi böhranının kuliminasiya nöqtəsinin yetişməsi və ABŞ-dakı prezident seçkisi, həmçinin Avropa Birliyi ölkələrində borc böhranı Suriyaya birbaşa hərbi müdaxilə imkanlarını məhdudlaşdırır. Bu vəziyyət Türkiyənin özü üçün də əhəmiyyətlidir. Çünki ölkə iqtisadi cəhətdən Avropaya orientasiya olunub. İstər-istəməz böhran Türkiyədə də hiss olunacaq".
"Səudiyyə Ərəbistanı və Qətər Türkiyəni Suriya ilə konfliktə çəkir" fikrini tirajlayan mərkəz təhlilçilərinin qənaətincə, İraqda ərəb monarxiyaları heç bir vasitəçilərsiz hərəkət etmək imkanına malikdirlər. Suriyada isə məsələ Türkiyənin iqtisadi və hərbi təzyiqi olmadan mümkünsüzdür. Ankara isə buna getmir. Ona görə ki yolun uzun ola biləcəyindən çəkinir.
Beynəlxalq siyasət mərkəzində hesab edirlər ki, 2011-2012-ci illərdə Türkiyənin İraqın daxili siyasətinə təsiri güclənməyə başlayıb. Türkiyədə İraqın üzüqara keçmiş vitse-prezidenti Tarik əl-Haşimi gizlənir. Bu və digər hallar Türkiyə ilə Səudiyyə Ərəbistanı və Qətər arasındakı gizli ziddiyyətləri açıq müstəviyə gətirir. İraqdakı kimi, enerji ehtiyatlarına malik olmayan Suriya nisbətən az geosiyasi əhəmiyyət daşısa da, Ər-Riyad və Doxa üçün Ankara ilə yaxınlıq ona görə vacibdir ki, məhz Türkiyə ərazisində Bəşər Əsədə müxalifətdə olan "Azad Suriya Ordusu" yerləşir.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40