Azərbaycandakı bəzi kənd rayonlarında fəaliyyət göstərən orta məktəblərin 11 illik təhsil bazasından 9 illik təhsil bazasına keçidi narazılıqla qarşılanıb. Lənkəran rayon "Şirin su kəndində də bu dəyişiklik sakinlərin narazılığı ilə qarşılanıb.

Kənd sakinləri Unikal.org-a bildiriblər ki, artıq növbəti tədris ilindən Şirin-su orta məktəbi 9 illik təhsil bazasına keçir: "Bizə xəbərdarlıq edilib ki, övladlarınız gələn ildən Liman şəhər İ.İ.Mahmudov adına 1 saylı tam orta məktəbdə 10-11-ci siniflərdə təhsil ala biləcəklər. Xeyli sayda əhalisi olan bu kənddən Liman şəhərinə gedən avtobuslar da yoxdur. Sakinlərin bəziləri maddi imkanlarının çətin olduqlarını və həmçinin yolun uzaqlığını nəzərə alaraq yenidən orta məktəbin 11illik təhsil bazasına qaytarılmasını tələb edirlər. Əks halda kəntdə təhsil alan əksər qız və oğlanlar 9 illik təhsil bazası ilə kifayətlənməli olacaqlar.



Məsələ ilə bağlı Təhsil Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq.

O, Unikal.org-a açıqlamasında bildirib ki, 11 illik məktəblərin 9 illik məktəblərlə əvəzlənməsi işi bütün rayonlarda aparılır: "Qiymətləndirmə gedir. Məsafələr və şagirdlərin say hesabı müəyyənləşir. Hansı məktəblərdə 11 illik təhsil bazasından 9 illik təhsil bazasına keçidi mümkündürsə, bu ediləcək. Amma bu prosedur tədricən aparılacaq. Hələlik isə hansısa məktəbin 11 illik təhsil bazasından 9 illik təhsil bazasına keçidi isə yalnız sözdə ola bilər. Qərar isə üç aydan sonra məlum olacaq.

Nazirlik rəsmisi vurğulayıb ki, iyul ayında Azərbaycanda 11 illik təhsil bazasından 9 illik təhsil bazasına keçən məktəblərin sənəd üzərində siyahısı açıqlanacaq. Bu siyahıya uyğun olaraq işlər icra olunacaq.