"Qadın səhv hərəkət edirsə və kişinin ona söz demək cəsarəti yoxdursa, o zaman biz azərbaycanlı deyilik

Unikal.org bildirir ki, bu fikirləri milli Məclisin deputatı Tahir Rzayev Ölkə.az-a müsahibəsində deyib. O, qeyd edib ki, Azərbaycanda qadın hüquqları pozulmur: "Qadın öz yerini bilməlidir. Heç vaxt yürüyən ata qamçı vurmurlar. Əgər qadın evdə kişinin sözünü eşitmirsə, hegemonluq etmək istəyirsə, kişi də əsəbiləşib ona bir söz deməlidir də! Son zamanlar nə qədər qadının kişini öldürdüyünü görmüşük. Qadının balta və bıçaqla öz yoldaşını öldürməsini, boğmasını mətbuatdan da izləyirik. İndi təbliğat gedir ki, qadın hüquqları pozulur və sairə. Necə yani qadın hüquqları pozulur? Azərbaycanda qadın hüquqları elə də pozulmur. Biz deyirik ki, ay valideynlər, 12-13 yaşlı qızı ərə verməyin. Ancaq qız özü qoşulub, yalvara-yalvara gedir. Sonra da adını "qadın zorakılığı və ya "qadın hüquqlarının pozulması qoyuruq. Əslində, burada valideyn özü məsuliyyət daşıyır. Digər tərəfdən isə əgər qadın səhv hərəkət edirsə və kişinin ona söz demək cəsarəti yoxdursa, o zaman biz azərbaycanlı deyilik. Belə olan təqdirdə böyük-kiçik yeri də bilinməyəcək. Əgər bir ailədə kişi söz sahibi ola bilmirsə, orada böyüyün sözü eşidilməyəcək.