May ayında Bakıda kçiriləcək "IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar nəqliyyatın hərəkətinin asanlaşdırılması üçün "Koroğlu metro stansiyası ərazisində yerləşən avtobus dayanacaqlarının Bakıxanov qəsəbəsi, Qara Qarayev metro stansiyası ətrafına köçürülməsi ehtimal olunur.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Unikal.org-a deyib ki, oyunların yalnız açılış və bağlanış mərasimləri günü Bakının ətraf kənd və qəsəbələrinə işləyən, Koroğlu metro stansiyası ərzisində olan bəzi marşurut xətlərinin istiqaməti günün müəyyən saatlarında dəyişdiriləcək: 

"Qeyd edilən ərazidə nəqliyyatın hərəkəti mütləq məhdudlaşdırılacaq. Bütün bunlar günün tələbatından asılı olacaq. Onların dayanacaqları digər metro stansiyalarının yaxınlığına köçürüləcək. Adi günlərdə isə onlar öz işlərini "Koroğlu stansiyası yaxınlığındakı dayanacaqlardan qura biləcəklər. Təbii ki, bu da sərnişinlərin mənzil başına rahat gediş-gəlişlərini təmin edəcək.

M.Ağayev vurğulayıb ki, sözügedən stansiyanın yaxınlığında çalışan taksilərə də eyni məhdudiyyət qoyulacaq: "Onlar müəyyən müddət ərzində ərazidən yığışdırılacaq. Adi günlərdə taksilər eyni avtobuslar kimi öz fəaliyyətlərini qura biləcəklər.

Qeyd edək ki, Oyunların açılış və bağlanış mərasimləri metronun Koroğlu stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda keçiriləcək.