Bir sıra kütləvi informasiya vasitələrində (KİV) "Elba MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səbuhi Cahangirov iddia edir ki, Daşkəsən Rayon Baytarlıq İdarəsi onların Daşkəsəndəki kəsim kompleksində əməliyyat aparıb, aşkarlanan ətlə bağlı "Elba MMC-nin adını veriblər. Eləcə də S.Cahangirov ərazinin "Meta şirkətinə və fiziki şəxs İlham Qarayevə icarəyə verilməsini, onların fəaliyyətinin tam qanuni olmasını və Daşkəsən Rayon Baytarlıq İdarəsi tərəfindən guya onlara qərəzli münasibət göstərilməsini qeyd edir.

Bu sözləri DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli unikal.org-a deyib. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən "Elba" MMC-yə məxsus kəsim və emalı fabrikində 26 aprel 2017-ci il tarixində aparılan tədbir Daxili İşlər Nazirliyinin Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən həyata keçirmişdir. Daşkəsən Rayon Polis Şöbəsinin müraciəti əsasında Daşkəsən Rayon Baytarlıq İdarəsinin əməkdaşları Əliyev Natiq Rüstəm oğlunun idarə etdiyi "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilindən və Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, "Elba MMC-yə məxsus kəsim və emalı fabrikində aşkarlanan mənşəyi məlum olmayan, sağlamlığına dair heç bir sənədi olmayan sümüksüz ətlərdən nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

Tədbir keçirilən zaman Daşkəsən Rayon Polis Şöbəsinin, Daşkəsən Rayon Baytarlıq İdarəsinin və "Elba MMC-nin nümayəndələrinin iştirakı ilə akt tərtib edilmişdir. Polis şöbəsinin əməkdaşları tərəfindən dəvət edilən və "Elba MMC nümayəndəsi kimi özlərini təqdim edib akta imza edənlər "Elba kəsim və ət emal fabrikinin iş icraçısı İlham Qarayev, "Elba MMC-nin nümayəndəsi Səbuhi Cahangirov və "Elba MMC kəsim və ət emal fabrikasının anbardarı Rafiq Xəlilov olmuşdur (aktın sürəti əlavə edilir).

Özlərini "Elba MMC nümayəndəsi kimi təqdim edən hər 3 nəfər tədbirdə iştirak edib və aktı imzalayıblar.

Aktda adları qeyd edilən "Elba MMC-nin nümayəndələri tədbir keçirilən zaman ərazinin icarəyə verilməsi və digər hallarla bağlı heç bir məlumat və sənəd təqdim etməmişlər.



Bildirilən ərazinin "Meta şirkətinə və fiziki şəxs İlham Qarayevə icarəyə verilməsi və orada onlar tərəfindən heyvan kəsiminin aparılması ilə əlaqədar Daşkəsən Baytarlıq İdarəsində də heç bir məlumat və qeydiyyat mövcud deyildir.

Aktda həmin ətlərin mənşəyinə və sağlamlığına dair heç bir sənədin olmadığı və ətlərin "Elba MMC-yə məxsus olması qeyd edilmiş və böhtan xarakterli məlumatı yayan Səbuhi Cahangirov da özü şəxsən akta imza atmışdır.

"Elba MMC rəhbərliyi qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə bu cür şər, böhtan xarakterli fikirləri mətbuat səhifələrinə çıxarır.



Dövlət Baytarlıq Nəzarəti Xidməti 27 aprel 2017-ci il tarixli məlumatında da tədbirin Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən aparıldığını qeyd etmişdir. Eləcə də Daşkəsən Rayon Polis Şöbəsinin müraciəti əsasında aşkar edilmiş mənşəyi məlum olmayan ətlərin, ət məhsullarının mənşəyini və sağlamlığını müəyyənləşdirmək məqsədi ilə nümunələr götürulərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərildiyi vurğulanmışdır.

Müvafiq araşdırmalar Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən aparılır.