Niyə bu qədər surənin içərisindən məhz "Yasin" surəsi Quranın qəlbi adlandırılmışdır? Həzrət Peyğəmbər (s) buyurur: "Hər şeyin qəlbi vardır, Quranın qəlbi "Yasin" surəsidir".

İmam Sadiq (ə) buyurur: "Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi "Yasin" surəsidir. Hər kim şam etməmiş onu oxuyar - həmin günü axşama qədər qorunanlardan və ruzi verilənlərdən olar. Hər kim gecə yatmazdan əvvəl oxuyar - Allah ona min mələyi məmur edər ki, onu hər bir çirkin şeytandan və hər bir bəladan qorusun".

Unikal.org deyerler.org-a istinadən bildirir ki, ayətullah Qazinin nəzərinə görə bu surənin Quranın qəlbi adlandırılmasının səbəbi - onun axır iki ayəsinə görədir. Bu iki ayədə Allah Təalanın heyrətləndirici həqiqətlərindən söz açılmışdır.

Ayətullah Vəhid Xorasaninin nəzərinə görə bu surə haqqında nəql olunan hədislərin özü möcüzədir. Belə ki, hədis buyurur ki, hər şeyin qəlbi vardır. Bu gün müasir elm təsdiq edir ki, hər bir şeyin həqiqətən də qəlbi vardır. Bu həqiqəti Məsumlar 1400 il əvvəl etiraf etmişdilər. Hər bir şeyin qəlbi vardır, hətta atomun belə. Ondan sonra hədis buyurur ki, Quranın qəlbi "Yasin" surəsidir. Bəs bunun sirri nədir? İmkan aləminin qəlbi vardır. İmkan aləminin qəlbi - peyğəmbərlərin xatəmidir. Hər şeyin qəlbi olduğu kimi, aləmin də qəlbi vardır və bu, bütün insanlardır. Bütün insanlar Xatəmin nəfsində cəm olarlar. Ona görə də o, aləmin qəlbidir. "Yasin" surəsi də imkan aləminin qəlbidir. Ona görə də bu surə Quranın qəlbidir. Həzrət Peyğəmbərin (s) Qurandakı adlarından biri Yasindir. Yasinə xitab etdikdə, Quran Peyğəmbərə (s) xitab edər. Ona görə də Peyğəmbər (s) imkan aləminin qəlbi olduğu kimi, Quranın da qəlbidir.