Daxili işlər orqanları əməkdaşları tərəfindən ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in mətbuat xidmətindən Unika.org-a verilən məlumata görə, Masallı rayonunun Qəriblər kənd sakini Xəlil İmamyarova məxsus mağazaya gələn bir nəfər ərzaq məhsulları alıb 100 manatlıq əskinas verərək ödəniş edib.
Müştərini yola salan satıcı kassadan pulları götürüb iri əskinasları ayıranda oradakı tək 100 manatlıq nədənsə onda şübhə yaradıb və onu yoxlayıb. Məlum olub ki, pul saxtadır.
Satıcı vaxt itirmədən Rayon Polis Şöbəsinə müraciət edib. Həmin şəxsi tanımırmış. Lakin gedəndə "VAZ-21011" markalı avtomobillə getdiyini görüb.
Dərhal deyilən əlamətlərdə olan maşının saxlanılması üçün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Şahəddin Musayev və Ramal Əbilhəsənov şübhəli şəxs qismində saxlanılıblar.
Sonuncuya məxsus maşına baxış keçirilərkən oradan daha 5 ədəd 100 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (saxta pul və qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.