Bakı-Tbilisi-Ceyhan neft kəmərində oğurluq hadisəsi baş verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə kəmərin Türkiyədən keçən hissəsində Adana vilayətinin Sarıçam mahalının 38-ci kilometrliyində qeydə alınıb.

Bakı-Tbilisi-Ceyhanın işçiləri axşam saatlarında kəmərdəki neft təzyiqinin aşağı düşdüyünü öyrəniblər. Müətəxəssislər dərhal boru xəttində oğurluq hadisəsinin ola biləcəyini ehtimal edərək araşdırmaya başlayıblar. Nəticədə boru kəmərinin buğda tarlası içində keçən hissəsində deşildiyi məlum olub. Bununla bağlı hüquq-mühafizə orqanlarının və BTC-nin əməkdaşları hadisə yerinə gəliblər. Kəmərin alt hissəsinin 1 metr qazılaraq əlavə boru taxılıb bir tanker xam neft oğurlandığı ortaya çıxıb.

Hazırda polis cinayəti törədənlərin tapılması istiqamətində araşdırma aparır.

Məsələ ilə bağlı BP-nin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı Unikal.org-a bildirib ki, kəmərin Türkiyə hissəsinə "Botaş (Boru xəttləri ilə neft daşınma) şirkəti cavabdehdir: "Yaxın saatlarda geniş məlumat öyrəndikdən sonra bu barədə nəsə deyə bilərik. Amma bütün hallarda əsas məlumatı BOTAŞ açıqlamalıdır.
Qeyd edək ki, artıq məsələ ilə bağlı türkiyə mətbuatı da geniş məlumat yayıb.