Azərbaycanda əmək müqavilələrinin müddəti ilə bağlı şərtlər dəyişdirilir.
Unikal.org-un məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, bununla bağlı Əmək Məcəlləsində əlavə və dəyişikliklər nəzərdə tutulub.
Dəyişikliyə əsasən, məcəllənin 45-ci (Əmək müqaviləsinin müddəti) maddəsində edilən dəyişikliyə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanacaq. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır.
Hazırkı varianta görə isə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər.
Bundan başqa, Əmək Məcəlləsinin 77-ci (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları) maddəsinə dəyişikliklər edilməsi də təklif edilib. Bu dəyişiklik Azərbaycanda əmək müqaviləsinə xitam verilən işçilərin sonrakı təminatı ilə bağlı yeni qaydaları nəzərdə tutur.
Layihəyə görə, qeyd olunan maddənin 1-ci bəndində deyilir ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu məcəllənin 70-ci maddəsinin "b bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə əmək müqavilələrinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdarlıq edilməlidir:
- 1 ilədək əmək stajı olduqda - azı 2 təqvim həftəsi;
- 1 ildən 5 ilədək əmək stajı olduqda - azı 4 təqvim həftəsi;
- 1 ildən 10 ilədək əmək stajı olduqda - azı 6 təqvim həftəsi;
- 10 ildən çox əmək stajı olduqda - azı 9 təqvim həftəsi.
Bəndin hazırda qüvvədə olan variantı isə belədir: "Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
Maddənin 3-cü bəndinin yeni təklif olunan variantına görə isə, əmək müqaviləsi bu məcəllənin 70-ci maddəsinin "a və "b bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
- 1 ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında;
- 1 ildən 5 ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
- 10 ildən çox əmək stajı olduqda - orta aylıq əmək haqqının azı 2 misli miqdarında.
Hazırda qüvvədə olan variant isə belədir: Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "a" və "b" bəndləri ilə ləğv edilərkən işçilərə: orta əməkhaqqından az olmamaqla işdən çıxarma müavinəti;
- işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta aylıq əməkhaqqı ödənilir.
Millət vəkili Qüdrət Həsənquluyev Əmək Məcəlləsinin 77-ci maddəsində ixtisar zamanı işçilərin xəbərdarlıq edilməsi ilə bağlı fərqli müddətlərin müəyyən edilməsinin düzgün olmadığını bildirib.
H.Rəcəbli buna cavab olaraq bildirib ki, bu təcrübədən beynəlxalq səviyyədə də geniş istifadə olunur.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.