Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsində bir sıra maddələr üzrə cərimələrin artırılmasını nəzərdə tutan layihə müzakirəyə çıxarılıb.
Unikal.org xəbər verir ki, layihəni Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. O, qeyd edib ki, ötən müddətdə İnzibati Xətalar Məcəlləsinin yenidən hazırlanması buradakı cərimələrə yenidən baxılmasını zəruri edib.
Komitə sədri bildirib ki, Məcəllənin 17 fəslində cərimələr 2-3 dəfədən 20 dəfəyə qədər artırılır.
Belə ki, qəsdən sağlamlığa yüngül zərər vurmağa görə 1000 manatdan 1500 manatadək miqdarda cərimə və bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Zöhrəvi xəstəlikləri yaymağa görə 2500 manatdan 5000 manatadək miqdarda cərimə edilməsi təklif olunur.
Böhtana görə cərimələr 1000 manatdan 1500 manata qədər artırılır. Təhqirə görə isə cərimələr də eyni miqdarda artırılır. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatədək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə isə cərimənin miqdarı 500 manatdan 1000 manatadək artırılır. Oğurluq etməyə görə cərimənin miqdarı 1000 manatdan 2000 manatadək artırılır.
Layihə səsə qoyularaq qəbul edilib.