Azərbaycan prezidenti İlham Əliyev azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsinə dair sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamda qeyd olunur ki, son illərdə aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə imkan yaradıb, dinamik sosial-iqtisadi inkişafa təkan verib. Transmilli enerji infrastrukturu və beynəlxalq nəqliyyat layihələrinin Azərbaycanda reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb. Xarici investisiyaların cəlb edilməsi əlverişli coğrafi mövqeyi ilə seçilən ərazilərin logistik və sənaye potensialından tam istifadə olunmasına, iqtisadiyyatımızın daha da möhkəmlənməsinə, büdcə gəlirlərinin diversifikasiyasına və əhalinin məşğulluğuna böyük töhfə verə bilər.

Məhz buna görə də "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli 1912 nömrəli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış normativ hüquqi aktlarının layihələri "azad iqtisadi zona elan ediləcək ərazilərdə həyata keçiriləcək iqtisadi fəaliyyət üçün əlverişli hüquqi rejiminin müəyyənləşdirilməsini nəzərdə tutur.

Sərəncama əsasən, Azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrup yaradılıb:

İşçi qrupun rəhbəri:

Valeh Ələsgərov - Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini

İşçi qrupun üzvləri:

İnam Kərimov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Emin Hüseynov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azər Cəfərov - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Sahib Ələkbərov - Azərbaycan Respublikası vergilər nazirinin müavini
İlqar Rəhimov - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavin
Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavin
Pərviz Musayev - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
Əfqan Nağıyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi
Şahmar Mövsümov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru
Taleh Ziyadov - "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru.

Yaradılmış İşçi qrupa üç ay müddətində azad iqtisadi zonaların yaradılması ilə bağlı hazırlanmış qanun layihəsinin ekspertizasını keçirməklə, dövlətin mənafelərinin və investorların qanuni maraqlarının tarazlı şəkildə nəzərə alınmasını təmin edən sənədin yekun variantını hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək, azad iqtisadi zonaların inkişaf etdirilməsi məqsədi ilə bu sahədə təcrübəsi olan xarici investor (developer) şirkətləri ilə bağlanılacaq müqavilələrin əsas şərtlərinə dair təkliflər vermək tapşırılıb.