Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org apa-ya istinadən xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdən sonra jurnalistlərə açıqlama verən Səlim Məmmədovun vəkili Cavid Rzazadə deyib ki, iclasda "8-ci kilometr bazarının keçmiş sahibi Çingiz Əsədov ifadə verib. 

O, bazarı özünün yaratdığını deyib: "Sonra qardaşım adam öldürdü, problemlər yarandı. Həmin vaxt Cəfər Seyidovgil bazarı onlara icarəyə verməyimi təklif etdilər, razılaşdıq. Bir ilin pulunu aldım, ikinci ilin pulunu istəyəndə, dedilər ki, bazarı məndən alıblar. Məhkəməyə müraciət etdim, lehimə qərar verildi. Cəfərgil keçmiş nazir Fərhad Əliyevin adından istifadə edirdilər, deyə heç kimi saymırdılar. Məhkəmə qərarından sonra icraçılar onları bazardan çıxartdılar. Bundan sonra Fərhad Əliyevin qardaşı Rafiq Əliyev bazara gəlib məni söydü. Mən ona cavab qaytaranda Fərhad Əliyev işarə etdi, Cəfərgil məni döydülər. Sonra məni bazardan qovub, qardaşımı da oğurladılar. Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etdim. Yarım saat sonra Cəfər mənə zəng edib dedi ki, polis bizə heç nə edə bilməz. Dedi ki, mən bazarı və üstündə 600 min manatı onlara verməliyəm. Bacarmayacağımı anlayıb, bazarı Cəfərgilə verdim. 2005-ci ildə Fərhadgil tutulanda MTN-ə gedib şikayət etdim. Mənim arvadım erməni olduğuna görə Cəfərgil təzyiq edirdilər. Məcbur olub, bazarı Akif Çovdarov və Hilal Əsədovun qayınatasına satdım. Hər ay da mənə pul verirdilər".
General Hilal Əsədovun arvadı Nüşabə Əsədova istintaqa verdiyi ifadəni təsdiqləyib.

Proses iyunun 7-də davam edəcək.

N. Əsədova ibtidai istintaqa ifadəsində deyib ki, 2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində atası Ənvər Məmmədov "Vasmoy" bazarını almaq istəyib: "Bazarın satılmasını atama ərim Hilal Əsədov dedi. Pulu az idi. Hilal evdən 80 min dolları götürüb, atama verdi. Atam bazarın yarısını alaraq, öz adına rəsmiləşdirdi. Bazarın digər hissəsini isə Elşən Hüseynov almışdı.

Nüşabə Əsədova ifadəsində qeyd edib ki, bazarı atası sonradan ona bağışlayıb: "Bazarın kimdən alınıb, necə sənədləşməsindən xəbərsizəm. Bu barədə nə Hilal, nə də atam mənə bir şey deyib. Bazar mənim adıma keçən zaman sənədlər gətirildi, onlara qol çəkdim. Bazarın 50 faizi mənim adımdaydı. Qalan 50 faiz isə Akif Çovdarovun qızı Aida Çovdarovanın adınadır. Bazarın sahiblərinin mən və Aida olmasına baxmayaraq, ora Elşən Hüseynov rəhbərlik edirdi.

Xatırladaq ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.