Xocalı polisi Goranboyda narkoplantasiya aşkarlayıb.
ARB TV xəbər verir ki, Goranboy rayonu Erkəc kənd sakini 51 yaşlı Məntiq Kazımovun yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı Xocalı Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.
Həmin məlumat əsasında deyilən ünvanda axtarış aparan polis əməkdaşları oradan aqrotexniki qaydada yetişdirilən çətənə kolları və onun toxumlarını, həmçinin qurudulmuş marixuana aşkarlayıblar. Amma bunlar saxlanılan şəxsin evindən tapılan son qanuna ziddlər deyil. Məntiq Kazımovun yaşadığı ünvanda heç bir sənədi olmayan odlu silah və patronlar ortaya çıxıb.
Saxlanılan şəxs narkotik aludəçisi olduğunu və çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini deyib. 51 yaşlı narkotacir gənclərə nəsihət verməyi də unutmayıb.
Məntiq Kazımov - saxlanılan şəxs: "Mən onun çəkəniyəm. Ona görə də əkmişdim. Özüm istifadə etmək istəyirdim. Gənclərə tövsiyyəm odur ki, heç siqaret də çəkməsinlər. Siqaretlərdən, narkotikdən, spirtli içkilərdən nə qədər uzaq olsalar, o qədər yaxşı olar.
Hazırda Məntiq Kazımovun barəsində cinayət işi açılıb, istintaq aparılır. Günahı sübuta yetirilərsə bir uşaq atasını bir neçə illik azadlıqdan məhrumiyyət gözləyir.