Rəsmi "Azərbaycan qəzetinin bugünkü sayında istehlakçıların hüquqları ilə bağlı material yayımlanıb. 

Unikal.org xəbər verir ki, həmin yazıda istehlakçı hüquqlarının qorunması ilə məşğul olan dövlət qurumları, xüsusilə İqtisadiyyat Nazirliyi sərt tənqid olunur. Həmin yazıdan bəzi sitatlar təqdim edirik:

"Bütün zamanlarda inkişaf səviyyələrindən asılı olmayaraq bütün ölkələrdə istehlakçı-istehsalçı, istehlakçı-satıcı mübahisələri mövcud olub və indi də var. Ona görə bu gün istehlakçı hüquqlarından söz açanda daha çox iqtisadi sahədə yaranan münasibətlər göz önünə gəlir. Hər bir insanın aldığı məhsulun keyfiyyətini, tərkibini bilmək, ona daha yüksək xidmət göstərilməsini tələb etmək hüququ var. İstehlakçının hüquqlarını qorumağa məsul olanlar ona məhsul və xidmət təklif edən tərəflər, eləcə də bu sahədə dövlət tənzimlənməsini həyata keçirən aidiyyəti orqanlardır.

***

"Təcrübə göstərir ki, təhlükəli qida məhsullarına qarşı mübarizə tədbirlərinin ancaq istehlak bazarlarında həyata keçirilməsi, yəni artıq istehlak bazarına daxil olmuş hazır məhsulun təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən tədbirlər bir o qədər də səmərəli olmamış və qida təhlükəsizliyinin idarəedilməsi mexanizmi kimi özünü doğrultmamışdır. Qida təhlükəsizliyinin etibarlı təminatı kompleks yanaşma tələb edir və istehlak bazarında hazır məhsula nəzarət etməkdənsə, qida məhsulları istehsalı zəncirinin bütün mərhələlərində məhsulun zərərsizliyini şərtləndirən qida təhlükəsizliyinin idarəedilməsi mexanizmlərinin yaradılmasını və tətbiqini zəruri edir.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, həmçinin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib ki, bu gün dünyada bir milyarda yaxın insan aclıq çəkir, 2 milyarda yaxın insan keyfiyyətli su ilə təmin oluna bilmir: "Mən deməzdim ki, yoxlamalar dayanandan sonra ərzaq məhsullarının keyfiyyəti aşağı düşüb, hər halda əlimizdə belə bir statistika yoxdur. Yoxlamalar dayanandan sonra əsas nəzarət funksiyası istehlakçıların üzərinə keçmişdir. Hər bir vətəndaşın qanunlarımızla ona verilən "yoxlayıcı hüququ vardır, məhsulun istehsal yeri, tarixi, istifadə müddəti, tərkibi, yararlılığı və s. barədə vətəndaşlarımız öz fikirlərini, o cümlədən tənqidi fikirlərini, şikayətlərini müvafiq dövlət orqanına göndərə bilərlər və onların müraciəti əsasında yoxlamalar aparıla bilər. Digər tərəfdən, bir vicdan məsələsi də ortada olmalıdır. Hər bir sahibkar məhsulunu öz vətəndaşları, qardaş-bacıları üçün istehsal etmək düşüncəsi ilə bazara çıxarmalı, ən azı içindəki insafı və başının üstündəki Allah qarşısında hesabatlı olmalıdır.

Azərbaycanın qida sənayesində dövlət nəzarətinin hazırda necə həyata keçirilməsi, bu sahədə ən effektiv mexanizm və dünya təcrübəsi barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov açıqlamasında deyib: "Hazırda stolumun üzərində olan bir şokoladın düz bir il öncə vaxtı bitib. Ancaq bu şokoladı bu günlərdə bir vətəndaşımız bizə təqdim edib, aldığı mağazanın adını və ünvanını da verib. Mən bütün aidiyyəti dövlət orqanlarına zəng etdim. Məhsulu mağazaya gətirən şirkət və distribüterlə əlaqə saxladım. Heç kəs o məhsulları satışdan çıxarmadı. Dövlət orqanları bildirdilər ki, bizim yoxlama səlahiyyətimiz yoxdur. Şikayətlərə cavab olaraq yazırlar ki, gedin məhkəməyə müraciət edin. Halbuki, cənab Prezidentin məlum sərəncamı şikayət əsasında, insan sağlamlığına təhlükə olduğu təqdirdə yoxlamaların aparılmasını məhdudlaşdırmır.


Ekspert qida təhlükəsizliyi ilə bağlı, xüsusən də şadlıq evlərində böyük problemlərin olduğunu vurğuladı. Bildirdi ki, 20 ildir istehlakçıların hüquqlarının qorunması ilə məşğul olsa da, kütləvi zəhərlənmə hadisəsində sənaye üsulu ilə istehsal edilən malların adının çəkildiyini bir dəfə də olsun görməyib: "İnsan zəhərlənən zaman dərhal səhiyyə orqanlarına müraciət edir. Səhiyyə Nazirliyi əməkdaşları ilk olaraq zərərçəkənin mədəsini yuyurlar. Bununla da işlərini bitmiş hesab edirlər. Bircə dəfə də olsun görməmişik ki, bu cür faktlardan sonra həkim zəhərlənmənin hansı məhsul səbəbindən olduğu ilə bağlı bir sənəd hazırlayıb versin. Bu kağızı ona görə vermirlər ki, həmin məhsulun sahibi Səhiyyə Nazirliyinin özünün verdiyi sertifikatı çıxardıb göstərəcək. Yəni ortada maraqlar konflikti var. Nə qədər ki, insanların sağlamlığının keşiyində duran orqanla sertifikat verən orqan bir-birindən ayrılmayıb, heç kəs cəsarət edib ortalığa bir sənəd qoymayacaq. Hər dəfə də məsuliyyəti istehlakçının üzərinə atacaqlar.

Qəzet yazır ki, qanuna əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamalar müstəsna qaydada aidiyyəti dövlət orqanının əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin razılığı və əməkdaşının iştirakı ilə aparılır.

Digər tərəfdən isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətinin əsasnaməsində göstərilir ki, qurum antiinhisar (rəqabət), dövlət satınalmaları, reklam və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində dövlət siyasətinin və dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır. Xidmətin əsas fəaliyyət istiqamətləri inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin, istehlakçıların hüquqlarının və qanuni maraqlarının pozulması hallarının qarşısının alınması və belə pozuntuların aradan qaldırılması üçün tədbirlər görməkdir.

Qəzet yazır: "Lakin mövzu ilə əlaqədar İqtisadiyyat Nazirliyinin sözügedən qurumuna ünvanladığımız suallar günlərdir ki, cavabsız qalır. Nazirliyin mətbuat xidməti tərəfindən hər dəfə müxtəlif bəhanələr gətirilsə də, nəticədə istehlakçıların hüquqlarını müdafiə edən qurumdan qida təhlükəsizliyinin necə təmin edilməsi ilə bağlı heç bir mövqe öyrənə bilmədik. Əslində, Azərbaycanın qida təhlükəsizliyi sahəsindəki hazırkı kritik və böhranlı vəziyyəti İqtisadiyyat Nazirliyinin və tabeli qurumunun insanların sağlamlığı üçün belə bir həssas məsələyə biganəliyini və müəmmalı susqunluğunu anlamağa imkan verir.

Bununla belə, artıq qida təhlükəsizliyi sektorundakı neqativləri aradan qaldırmaq üçün oturub tabeli qurumların, yaxud konkret olaraq İqtisadiyyat Nazirliyinin necə addım atacağını gözləməyə lüzum yoxdur. Çünki qida təhlükəsizliyi sahəsində yuxarıda qeyd olunan mövcud prolemlərin həlli məqsədilə Prezident İlham Əliyev 10 fevral 2017-ci il tarixdə "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşməsi ilə bağlı əlavə tədbirlərin görülməsi haqqında fərman imzalayıb. Fərmanda istehsal prosesinin bütün mərhələlərində ərzaq və qida tətlükəsizliyinə sistemli nəzarəti təmin etmək üçün yeni bir qurumun - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin yaradılması nəzərdə tutulur. Agentliyin yaradılması üçün lazım olan təşkilati-hüquqi məsələlərin həlli məqsədilə Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə səlahiyyətli şəxslərin daxil olduğu Komissiya yaradılıb. Fərmanda eyni zamanda qida təhlükəsizliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, "tarladan süfrəyədək prinsipi ilə vahid nəzarət mexanizminin yaradılması qarşıya məqsəd kimi qoyulub. Agentliyin gələn ildən fəaliyyətə başlayacağı nəzərdə tutulur.

Gələn ilədək bu sahədə vəziyyəti sağlamlaşdırmaq Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqları Müdafiəsi üzrə Dövlət Xidmətinin səlahiyyətindədir. Onlar isə göründüyü kimi, baş verənləri sakitcə müşahidə etməkdədirlər. Görəsən, bu laqeydliyin və fəaliyyətsizliyin səbəbi nədir?.