Prezident İlham Əliyev "Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinin soyqırımı" mövzusunda keçirilən III beynəlxalq elmi konfransın iştirakçılarını təbrik edib.
Unikal.org AzərTac-a istinadən həmin məktubu təqdim edir:
"Sizi səmimi qəlbdən salamlayır və mötəbər elmi toplantınızın işə başlaması münasibətilə təbrik edirəm.
Müasir dövrdə dinc birgəyaşayış normalarının təmin edilməsi, multikulturalizm ideyalarının bərqərar olması bütün bəşəriyyət üçün öz aktuallığını saxlayır. Təəssüf ki, hələ də dünyada milli, irqi, dini və digər əlamətlərinə görə insanların terrora məruz qalması, kütləvi şəkildə qırılması və deportasiya edilməsi kimi hadisələr baş verir. Yalnız zorakılığa, qanlı cinayətlərə və soyqırımlarına yol açan bütün hallara qarşı hamılıqla mübarizə aparılacağı təqdirdə, indiki və gələcək nəsilləri ağır bəlalardan qorumaq mümkündür.
Tarixin müxtəlif mərhələlərində çətin sınaqlardan keçmiş Azərbaycan və digər türk-müsəlman xalqlarının üzləşdikləri soyqırımı hadisələrinə də obyektiv hüquqi-siyasi qiymətin verilməsi mühüm vəzifə kimi qarşımızda durur. Soyqırımı aktı təkcə onun qurbanlarına qarşı deyil, həm də bütün bəşəriyyət əleyhinə törədilmiş ağır cinayət hesab edilir. Cinayətkarların beynəlxalq hüquq normalarına uyğun olaraq layiqli cəzalarına çatması və gələcəkdə belə halların qarşısının alınması üçün ilk növbədə tarixin qanlı səhifələrinin dərindən öyrənilməsi, proseslərin adekvat elmi dəyərləndirilməsi zəruridir. Ona görə də müxtəlif ölkələrin elm adamlarının səylərinin bu istiqamətdə birləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Əminəm ki, Azərbaycan xalqının başına gətirilən amansız soyqırımların izlərinin hələ də itmədiyi Şamaxı şəhərində keçirilən III beynəlxalq elmi konfrans da əvvəlki toplantılar kimi faydalı olacaq, tarixi gerçəkliyin üzə çıxarılmasına, haqq və ədalətin zəfər çalmasına xidmət edəcəkdir. Sizə bu şərəfli işinizdə uğurlar arzulayıram".