Ötən gecə təmas xəttinin müxtəlif istiqamətində yenidən atəş səsləri eşidilib. Milli ordumuz qarşı tərəfi cavab atəşi ilə susdurub.
Unikal.org anspress-ə istinadən bildirir ki, bu barədə ANS TV-nin təmas xəttinə ezam olunmuş xüsusi müxbiri məlumat verib.
"Ötən gecə bir saat ərzində erməni silahlı qüvvələri atəşkəsi pozublar"
Hazırda Füzulinin Alxanlı kəndində olan əməkdaşımızın verdiyi məlumata görə, Alxanlı kəndi Füzuli rayonunun təmas xəttinə ən yaxın kəndlərindən biridir. "O, ermənilərin işğal altında olduğu Qaraxanbəyli kəndi ilə təmas xəttində yerləşir. Gecə saat 04:00-dan 05:00-a kimi erməni silahlı qüvvələri yenidən bir saat ərzində atəşkəsi pozublar. Onlar iriçaplı silah və avtomatlardan atəş açıblar".
Xatirə Məmmədova Füzulidəki vəziyyəti təsvir edərkən vurğulayıb ki, ilk dəfə həmin ərazilərə gedərkən dağılmış, viran qalmış fonda bir abad ev onların diqqətini çəkib. Həmin evin sakinlərindən müsahibə alan müxbir öz təəssüratlarını da bölüşüb.
"Sorub-soruşdurandan sonra məlum oldu ki, bu evin sakini bütün təhlükəyə, erməni silahlılarının yağdırdığı güllə yağışına rəğmən öz yurd-yuvasını tərk etməyib. Ailəsi ilə birlikdə təmas xəttinə ən yaxın yerdə ev tikərək artıq 23 ildir ki, burada yaşayır".
Evin sahibi Oqtay Həziyev 23 ildən sonra erməni işğalından azad olunan "Lalə ilahi təpə"nin ətəyində yerləşən Cocuq Mərcanlı kəndində yaşayır.
Aprelin 2-dən atəşkəsin erməni silahlı qüvvələri tərəfindən pozulması ilə başlayan gərginlik aprelin 5-dək davam etdi.
Müdafiə Nazirliyindən verilən məlumata görə, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.
Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçiriblər.
Aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi həyata keçirilib.