Ermənilərin hücumu zamanı şəhid olmuş Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Röyal İmran oğlu Nəsirov bu gün doğulduğu Cəlilabad rayonun Məlikqasımlı kəndində dəfn olunub. Unikal.org apa-ya istinadən məlumatına görə, şəhid əsgərin dəfn mərasimində doğmaları ilə yanaşı, rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Şəhidin nəşi yaylım atəşindən sonra torpağa tapşırılıb.
Erməni hücumunu dəf edərkən şəhid olan gizir, 1994-cü il təvəllüdlü Cavadov Şahin Yaşar oğlu bu gün doğulduğu Beyləqan rayonunda torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində Beyləqan və Xocavənd rayonlarının icra başçıları, Müdafiə Nazirliyinin hərbçiləri və rayon sakinləri iştirak edib. Şəhidin tabutuna örtülmüş döyüş bayrağı atası Yaşar Cavadova təqdim olunub. Yaylım atəşi açılıb, şəhid hərbçi torpağa tapşırılıb.
Ermənilərin hücumu nəticəsində şəhid olan əsgər, 1996-cı il təvəllüdlü Firdovsi Əliş oğlu Bağırzadə bu gün anadan olduğu Masallı rayonunun Güllütəpə kəndində torpağa tapşırılıb.
Unikal.org apa-ya istinadən xəbərinə görə, dəfn mərasimində rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçilər, kənd sakinləri iştirak edib.
Yaylım atəşi açılıb, şəhid əsgər torpağa tapşırılıb.