"Cəbhə bölgəsinə gedib döyüşmək lazımdır, konsert adı altında reklam, fotosessiya etdirmək yox".
Unikal.org xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. O, atəşkəs elan olunandan sonra cəbhəyə gedib konsert verən bütün həmkarlarını qınayıb: "Biz lent yazılarından görmüşük ki, müharibə gedən vaxtlar cəbhə bölgələrində konsertlər veriblər. Amma indi atəşkəs elan olunub. Bizim müğənnilər atəşkəsdən sonra cəbhə bölgəsinə gedirlər. Sizin ora getməyinizin kimə xeyri var? Niyə gedirsiniz? Hünərin vardı atışma gedən ərəfədə gedəydin də. Atışma gedən vaxt bölgədə gözə dəyən Mirşahin və Vahid Mustafayev oldu, onlar da başlarını da aşağı əyirdilər. Bu, onların səmimiyyətindən irəli gəlir. Yoxsa sakit olan bir cəbhədə əsgər paltarı geyin, konsert ver. Bu nə deməkdir? Gülməlidir".
Ə.Mirəliyev müharibə gedən 3 gün müddətində bir sənətçinin gözə dəymədiyini vurğulayıb: "O vaxt konsert verəydiniz də? Döyüş getməyən bir yerdə necə konsert verə bilərsən? Müharibə yoxdur ax. Mən buna yersiz baxıram. Cəbhəyə gedib niyə konsert verirsiniz, əlinizə silah alıb vuruşun da. Axı siz də bu vətənin övladlarısınız".
Ə.Mirəliyev hesab edir ki, indi əyninə əsgər paltarı geyinib səngərlərdən fotosessiya etdirən sənətçilərin heç birinin ayağı 20 ildə cəbhə bölgəsinə dəyməyib: "Müharibə dayanan kimi getdiniz. Bilirsiniz ki, sizi güllə-barana tutmayacaqlar. Sizə reklam lazımdır, cəbhə yox".