Hələ mövsümü olmasa da bazarlarda çiyələk, alça satışına rast gəlinir. Nəfis şəkildə qablaşdırılmış, piştaxtaları öz gözəlliyi ilə bəzəyən bu məhsulların qiyməti də kifayət qədər yüksəkdir. Satıcıların sözlərinə görə, xaricdən idxal olunan, mövsümə uyğun olmayan meyvələr baha olduğundan əksər alıcılar onları ədədlə alır. Belə ki, çiyələyin 6-7 ədədi 1 manata, alçanın 5-6 ədədi isə 2 manata təklif olunur.
Mövsümə uyğun olmayan məhsullardan ən çox satılanı alçadır. Satıcılar bildirir ki, bu meyvələri əsasən yaşlı insanlar və evində xəstəsi olan müştərilər alır.
Yeni yetişən tərəvəz məhsulları da, qiymətinə görə heç də meyvələrdən geri qalmır. Lobyanın kiloqramı 4 manata, təzə kartof 2 manata, bibər isə 4 manata təklif olunur.
Satıcılar mövsümə uyğun meyvə-tərəvəz yetişdikcə qiymətlərin də ucuzlaşacağını bildirirlər.