Bakıda avtomobil oğurlamaqda şübhəli bilinən DJ tutulub.
Bu barədə unikal.org-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Belə ki, iyunun 22-də, səhər saat 12:00 radələrində DİN-in "102 Zəng Mərkəzinə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.
Aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə dəvət edilən zərərçəkmiş - Bakı şəhər sakini Mehdi Əliyev izahatında ötən gecə saat 4:00 radələrində içkili olduğundan özünə məxsus "Daevoo markalı avtomobilini evinin yaxınlığında saxladığını, açarı da götürməyi unudaraq evinə getdiyini bildirib. Səhər qalxanda isə nəqliyyat vasitəsini həmin yerdə tapmayıb.
Dərhal 22-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu avtomobilin tapılması istiqamətində tədbirlərə başlayıb, bu barədə DİN-in "Təhlükəsiz Şəhər Xidmətinə müvafiq məlumat veriblər.
Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanları ilə həmin nəqliyyat vasitəsinin Səbail rayonu ərazisində hərəkətdə olması müəyyən edilərək aidiyyatı üzrə Bakı BPİ-nin Dövlət Yol Polisi İdarəsinə müvafiq məlumat ötürülüb. Yol polisləri qaçırılmış avtomobili Səbail rayonunun T.Əliyarbəyov küçəsində saxlanıldığını aşkar edərək onu 22-ci Polis Bölməsinin əməkdaşlarına təhvil veriblər.
Əməliyyatçılar nəqliyyat vasitəsini qaçıran şəxsin həmin ərazinin yaxınlığındakı gecə klublarından birində DJ işlədiyi barədə məlumat əldə ediblər. Şübhəli qismində saxlanılaraq 22-ci Polis Bölməsinə gətirilən şəxsin ətrafında aparılan araşdırmalarla onun Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Maksimov olması müəyyən edilib. O, gecə vaxtı həmin ərazidən keçərkən avtomobilin qapısının açıq vəziyyətdə, açarının da üstündə olduğunu görərək bu əməli törətdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb.