Şəki sakini Yevlaxda saxlanılıb.
ARB TV xəbər verir ki, nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə Yevlax rayonu ərazisində bir nəfərin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.
Əməliyyat qrupu Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsinin sahilində quraşdırılan yanalma körpüsünə yollanıb. Qeyd edilən ünvanda Şəki şəhər sakini, Bəxtiyar Paşabəyov şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətirilib. Üzərinə baxış keçirilərkən ona məxsus idman çantasından 10 kiloqram 800 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsi zamanı külli miqdarda marixuananı satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Bəxtiyar Paşabəyov - Saxlanılan şəxs: "Şəkidə Qarasu adlanan ərazidə yabanı şəkildə yetişən çətənə kolu yığdım, qurutdum, satmaq məqsədi ilə Yevlaxa gəldim. Çəkisini də bilmirdim nə qədərdi, bəlkə 1000 manat verən olsa verərəm. Sahil bağına yenicə düşmüşdüm ki, polislət tərəfindən saxlanıldım.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.