Azərbaycanlı iş adamı, "Tern Transport & Trading CZ şirkətinin rəhbəri Rəşad Qafarov Praqada maşınında ölü tapılıb. Çexiyanın "Nova TV" televiziyası xəbər yayıb ki, hadisə günün günorta çağı baş verib. Onun üzərində bıçaq xəsarətləri olub.
Unikal.org Virtualaz.orq-a istinadən xəbər verir ki, polis hələlik hadisənin necə baş verməsi ilə bağlı məlumat yaymayıb. Azərbaycanın Çexiyadakı Konsulluğundan deyiblər ki, onlara iyunun 30-da Çex polisindən şifahi məlumat daxil olub.
"Rəşad Qafarovun öz maşınında cansız vəziyyətdə" tapılması haqda məlumat verilib, hadisənin araşdırıldığı bildirilib.
Rəşad Qafarovun şirkəti beynəlxalq yükdaşımalarla məşğul olur. "TERN TRANSPORT & TRADING şirkətinin saytında göstərilənlərə əsasən bu şirkət 2008-ci ildə yaradılıb, hava, dəniz, dəmiryolları və avtomobil daşımaları ilə loqistik xidmətlərin tam kompleksini təklif edir.
Nüfuzlu iş adamı hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin məzunudur, bundan əvvəl "Panalphina" beynəlxalq loqistika şirkətinin regional nümayəndəliyində işləyib. Sonuncu vəzifəsi TERN Transport & Trading CZ şirkətinin baş direktoru vəzifəsi idi. Çexiyanın şirkətlər reyestrində yer alan məlumata görə bu şirkətin səhmdarları Rəşad Qafarov və Dilara Qafarovadır.