ATƏT-in Minsk qrupu həmsədrləri təcili olaraq Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırır.

Unikal.org-un  məlumatına görə, bu barədə həmsədrlərin ötən gün Füzuli rayonunun Alxanlı kəndində yenidən zorakılıq hallarının baş verməsi nəticəsində dinc sakinlər də daxil olmaqla itkilərin yaşanmasına dair bəyanatında deyilir.
"Zorakılıq yalnız sonrakı zorakılığı gətirir və heç nə vermir. Uzun müddətdir, davam edən bu münaqişənin həllinin yeganə məsuliyyətli və humanitar yolu tərəflərin xoş niyyətlə danışıqlar masasına qayıtmasıdır, - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.