Xəbər verildiyi kimi iyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və ağır artireliya qurğularından atəşə tutulub. Ermənistan Silahlı qüvvələrinin mülki əhalini hədəf alan hərəkətləri nəticəsində kənd sakini 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanmış, mülki obyektlərə zərər yetirilib.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev dərhal Alxanlı kəndində, hadisə yerində olub.
Alı Alıyev kənd sakinləri ilə görüşüb, düşmən təxribatı nəticəsində həlak olan kənd sakinlərinin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verib və yaralanan mülki şəxsin tezliklə şəfa tapmasını diləyib.
Alı Alıyev düşmənin mülki şəxsləri hədəf alan hərəkətlərini vadalizm və vəhşilik adlandırıb. Bildirmişdir ki, düşmənin qadın və uşaqları hədəf alan hərəkətləri onların acizliyini və vəhşiliyini növbəti dəfə sübut edir.
Kənd sakinləri düşmənin mülki əhalini hədəf alan hərəkətlərini qətiyyətlə pisləyib, cəbhə xəttində baş verən intensivlikdən qorxmadıqlarını Ali Baş Komandan, Prezident cənab cənab İlham Əliyevə, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər. Alxanlı kəndində, həmçinin rayonun bütün yaşayış məntəqələrində hazırda həyat normal axarı ilə davam edir, əhali əkin-biçin və gündəlik qayğıları ilə məşğul olur. Bu rahatlıq və inam isə Azərbaycan dövlətinə və onun ordusuna inamdan qaynaqlanır.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələri əsasında düşmən təxribatı nəticəsində həlak olan şəxlərin dəfn xərclərini və yaralananın müalicə xərclərinin rayon İcra hakimiyyəti tərəfindən ödəniləcəyini bildirib.