"Ermənilərin təmas xəttində mülki vətəndaşlara hücumları, təəssüf ki, sistemli xarakter daşıyır. Mənə xüsusilə ağırdır, çünki Füzuli rayonu Alxanlı kəndində ölənləri şəxsən tanıyırdım, indi isə onlar həyatda yoxdurlar".
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Minskdə ATƏT-in Parlament Assambleyasının plenar iclasında çıxışı zamanı deyib.
Çıxışı zamanı B.Muradova Dağlıq Qarabağ münaqişəsinin dinc vətəndaşların həyatını almaqda davam etdiyini vurğulayıb. O, Ermənistan silahlı bölmələrinin iyulun 4-də Füzuli rayon Alxanlı kəndini atəşə tutduğunu, nəticədə kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olduğunu bildirib.
O, ATƏT PA-nın deputatlarının ermənilərin bu cinəyətini qınamağa çağırıb.
Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.