"Ötən gün Alxanlı kənd istiqamətində atəşkəs rejimi pozulub. Düşmən 82 və 120 mm minaatan və qumbaraatanlardan istifadə etməklə həm Silahlı Qüvvələrimizin mövqeləri və yaşayış məntəqələrimizi atəşə tutub. Bu təxribat nəticəsində 2 nəfər həlak olub, bir nəfər isə yaralanıb. Yaralı hospitala çatdırılıb və onu xilas etmək mümkün olub. Hazırda onun həyatı üçün təhlükə yoxdur. Daha sonra cavab atəşi ilə düşmənin atəş nöqtələr susdurulub".
Unikal.org-un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
V. Dərgahlı bildirib ki, düşmən tərəfinin itkiləri olsa da, gizlədirlər.
"Yaxın vaxtlarda məcbur edib məlumat verəcəklər. Ermənistan dərhal dünya ictimaiyyətini aldadaraq yalan məlumatlar yayaraq, Azərbaycan Silahlı Qüvvələrinin dinc əhalidən guya sipər kimi istifadə etdiyini bildiriblər. Biz bunu qəti rədd edirik. Bildiririk ki, Ermənistan həmişəki kimi mülki əhalini atəşə tutub. Alxanlıda nə qərargah, nə də atəş nöqtəsi var. Digər məlumatda bildirilər ki, Azərbaycan guya ABŞ-a məxsus reaktiv sistemlərdən istifadə edib. Bu da ağ yalandır. Qəti olaraq bu məlumatı təkzib edirik. Ermənilərin qeyd etdiyi yaylım atəşi sistemi ABŞ deyil, Türkiyə istehsalıdır. Düşmən hər vəchlə yalan məlumatlardan istifadə etməklə təxribat törədir. Dünən isə bu silahdan ümumiyyətlə istifadə olunmayıb. Dünən baş verən hadisə bir daha göstərir ki, ötən ilin aprelində Azərbaycan tərəfindən əməliyyatlar cavab addımı olaraq həyata keçirilmişdi".
V. Dərgahlı qeyd edib ki, bu cür əməllərin qarşısı qətiyyətlə alınacaq: "Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirib ki, ötən gün Alxanlıda baş verən hadisə ilə bağlı artıq Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanıb.
"İstintaq qrupu yaradılıb. Meyitlərə baxış keçirilərkən onların tank əleyhinə qumbaraatan mərmilərinin qəlpələrindən öldüyü məlum olub. Cinayət içi üzrə obyektiv araşdırma aparılmaqla, zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir", - deyə o qeyd edib.