Ağdam, Tərtər prokurorluqları hadisəni araşdırır. XİN-lə MN birgə bəyanat yayıb və onlar məsələnin hərbi, hüquqi, siyasi aspektlərini araşdırır. Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə ağır silahlarla divan tutması bu dövlətin həmişəki siyasətidir və bu, birbaşa Ermənistanın Ali Baş Komandanının tapşırığı ilə yerinə yetirilib.
Unikal.org xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bugünkü mətbuat konfransında deyib.
"2011-ci ildə 8 və 14 yaşlı uşaqların qətli, ötən il aprel hadisələrində mülki vətəndaşlar arasında 6 ölü və 30 yaralının olması sübut edir ki, Ermənistan daim belə siyasət yürüdür. Baş verənlər Cenevrə konvensiyasına, ona edilən 1 saylı əlavəyə, beynəlxalq uşaq hüquqları konvensiyasına ziddir.
XİN xarici ölkələrdəki diplomatlarına tapşırıb ki, fəaliyyət göstərdikləri ölkələrdəki beynəlxalq təşkilatların nümayəndəliklərinə Azərbaycanın mövqe və narahatlığını bildirsin.
Hadisə ilə bağlı Qızıl Xaç və ATƏT də məlumatlandırılıb. Elmar Məmmədyarov bu barədə ATƏT-in Minsk Qrupunun Rusiya və Fransa sədrləri ilə danışıb. ATƏT artıq hər iki tərəfdə araşdırmalar start verib, - Hikmət Hacıyev bildirib.
Qeyd edək ki, dünən Füzulinin Alxanlı kəndi dünən Ermənistan ordusu tərəfindən atəşə məruz qalıb. Atəşkəsin pozulması zamanı ermənilər ağır silahlardan da istifadə ediblər. Nəticədə iki dinc sakin həlak olub. Həlak olanlardan biri 2 yaşlı qız uşağı Zəhra Quliyevadır. Azərbaycan Ordusunun cavab atəşi ilə düşmən susdurulub.