"Cəbhə bölgəsindən gələn acı xəbər hamımızı sarsıtdı. 18 aylıq körpəmizin qətlə yetirilməsi Xocalı soyqırımının davamıdır. İmza da eynidir -SARKİSYAN. Sadəcə, cinayətkar cəzasız qalanda yeni cinayətlər qaçılmazdır".
Unikal.org xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri, keçmiş deputat, Füzuli sakini İqbal Ağazadə deyib:
"ATƏT-in Minsk qrupunun həmsədrləri, AŞPA, Avropa Birliyi ciddi düşünməli, cinayətlərə və cinayətkarlara ikili münasibətin yeni faciələrə yol açdıgını görməli, qətiyyətli addım atmalıdırlar. Əks təqdirdə, kimsə ədalət və hüquqdan danışmasın. Azərbaycan iqtidarı da düşünülmüş, planlı addım atmalıdır. Bəlkə də bu Ermənistan və onun himayədarlarının Azərbaycanı təxribata çəkmək və daha böyük itkilərlə üz-üzə qoymaq planının bir hissəsidir. Düşünmək lazım, həm də çox ciddi. Atdığımız addımlar qəti və sanballı olmayacaqsa, daşları yerindən oynatmaga dəyməz. Müharibə ilə işgal olunmuş torpaqlarımızı geri almağa hələlik kimsə nəinki dəstək vermir, əksinə, hamı əleyhimizədir. Mən də keçmiş döyüşçü və Qarabağ torpağının övladı kimi narahat və qəzəbliyəm. Lakin qəzəb və kin qələbə üçün kifayət etmir.
P.S. Zəhra balamızın və nənəsinin ruhu qarşısında baş əyirəm..."