"Azərbaycan dövləti öz mülki vətəndaşlarına qarşı atılan qeyri-qanuni addımları aidiyyəti beynəlxalq təşkilat səviyyəsində araşdırmaq hüququna malikdir. Azərbaycanın dinc əhalisinə qarşı atılan son addımlar bizdə ciddi təəssüf doğurub. Bununla bağlı həlak olanların ailələrinə və Azərbaycan dövlətinə başsağlığı veririk".

Unikal.org-un məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Səfir mülki şəxslərə qarşı hərbi addımları pislədiklərini bildirib: "Beynəlxalq qayda və qanunlar humanitar hüququn pozulmasını pisləyir və inanırıq ki, ermənilər tərəfindən atılan bu cür təhrikedici addımlar münaqişənin siyasi və sülh yolu ilə həlli prosesinə heç bir köməklik göstərməyəcək, vəziyyəti daha da gərginləşdirəcək".

C. Cahangirzadə qeyd edib ki, ATƏT-in Minsk qrupu atəşkəs rejiminin pozulması hallarının və mülki vətəndaşlara qarşı atılan hər cür addımların qarşısını almaq üçün ciddi qabaqlayıcı addımlar atmalıdır.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

***

"Son hadisədə bir uşağın ölümü bizi daha çox təəssüfləndirir, bu, cinayətdir".

Unikal.org-un məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə erməni silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində nənə və nəvənin ölümünə münasibət bildirərkən deyib.

Səfir bildirib ki, bu cür hadisələr Dağlıq Qarabağ münaqişəsinin həllini çətinləşdirir: "Azərbaycan dost, qardaş dövlətdir. Biz baş verən bu hadisəyə çox təəssüflənirik. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupu üzərinə götürdüyü missiyanı yerinə yetirməlidir".
C. Cahangirzadə bildirib ki, İran Heydər Əliyevin hakimiyyəti dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox çalışıb, amma bu, mümkün olmayıb: "İran münaqişənin siyasi yolla həllinə tərəfdardır. Regionda müharibə hər bir ölkənin vətəndaşlarının əleyhinədir. Region sülh, sabitlik olan zaman, xarici qüvvələr müdaxilə etməyəndə çiçəklənə bilər. Sabah minlərlə uşaq ölə, minlərlə qadın ərsiz qala bilər. Ona görə də ATƏT-in Minsk Qrupu üzərinə götürdüyü missiyanı yerinə yetirməlidir. İran hər zaman münaqişənin həllinə töhfə verməyə hazırdır".
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.