Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən iki yaşlı Quliyeva Zəhra Elnur qızının faciəsi ilə bağlı dünya ictimaiyyətinə müraciət edib.

Unikal.org xəbər verir ki, müvafiq paylaşım dövlət başçısının rəsmi "Facebook" səhifəsində yerləşdirilib.

"Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır, - deyə prezident yazıb.

Müraciət Azərbaycan, rus və ingilis dillərində dərc olunub.

Xatırladaq ki, iyulun 4-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə mina və qumbaraatanlarla atəşə tutub.

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alıb, yaşayış yerlərinə külli miqdarda zərər dəyib.