Azərbaycan Alban-Udin xristian icması Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi ağır cinayətlə bağlı bəyanat yayıb.

Unikal.org xəbər verir ki, bəyanatda deyilir:

"4 iyul 2017-ci il tarixində işğal altında olan ərazilərimizdəki Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Alxanlı kəndini atəşə tutub, nəticədə 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Alban-Udi xristian icması adından bu qanlı hadisəni pisləyir, bunu Ermənistanın Azərbaycan ərazilərinin işğalının davam etdirmək cəhdi kimi qəbul edir və bu addıma öz qəti etirazımızı bildiririk.

Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olsa da, Ermənistan tərəfindən atılan bu cür təhrikedici addımlar münaqişənin həlli prosesini çətinləşdirir.

Biz münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq təşkilatları, bütün beynəlxalq ictimaiyyəti Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişə zonası ətrafında mülki əhalini qətlə yetirən işğalçı Ermənistan ordusunun bu qanlı cinayətlərinə göz yummamağa, qətiyyətli tədbirlər görməyə çağırırıq".

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.